15 aprel-Ekoloji Bilik Günü şagirdlərlə birgə qeyd olunub - FOTO
Bu gün Babək rayonu Zeynəddin kənd tam orta məktəbində 15 aprel-Ekoloji Bilik Günü münasibətilə maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin, Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi şagirdlərdə ekoloji biliyi artırmaq, təbiətə qayğını təşviq etmək və onların ətraf mühitin qorunması ilə bağlı aktiv və yaradıcı iştiraklarını təmin etməkdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə təşkilatçılar tərəfindən şagirdlərə Ekoloji Bilik Gününün tarixi və əhəmiyyəti barədə məlumatlar verilib, ətraf mühiti qorumağın yalnız böyüklərin deyil, hər kəsin, xüsusilə də gənc nəslin üzərinə düşən bir məsuliyyət olduğu vurğulanıb.
Daha sonra məktəblilərin musiqi və rəqs nümunələri izlənilib, tullantılardan hazırladıqları maraqlı əl işlərinə və təbiət mənzərələrinin əks olunduğu rəsmlərə baxılıb.
Bədii hissənin ardından şagirdlərdə ekoloji düşüncə tərzinin formalaşdırılması, ətraf mühitin qorunmasına dair məlumatlılığın artırılması və onları həvəsləndirməklə ekoloji vərdişlərin aşılanması üçün "Tullantıları tingə və ekoçantalara dəyiş" aksiyası keçirilib. Aksiya zamanı şagirdlər evlərindən gətirdikləri ümumi tutumu 945 litr plastik və 50 litr şüşə tullantı, 130 ədəd işlənmiş batareya təqdim ediblər. Əvəzində isə onlara 50 ədəd kızılçam tingi və 50 ədəd ekoçanta verilib. Bu təşəbbüs vasitəsilə təkrar istifadənin və ağacəkmə ənənəsinin önəmi bir daha diqqətə çatdırılıb.
Sonda şagirdlərlə birgə məktəbin həyətyanı sahəsində tinglər əkilib, xatirə fotosu çəkilib.