Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16 İyul 2025

Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (81,36 MB/S) görə may ayına nisbətən 4 pillə irəliləyərək 152 ölkə arasında 83-cü olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (39,87 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (393,15 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub.

Azərbaycan iyunda mobil internetin sürətinə görə isə may ayına nisbətən 2 pillə irəliləyərək 72,52 MB/S sürətlə 103 ölkə arasında 55-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (546,14 MB/S), sonuncu yeri isə Boliviya (13,92 MB/S) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən sabit qalaraq 196 şəhər arasında 78,78 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Lion (347,52 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,55 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 3 pillə geriləyərək 88,2 MB/S sürətlə 150 şəhər arasında 87-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (561,48 MB/S), sonuncu yeri La Paz (Boliviya) (10,76 MB/S) tutub.