Naxçıvan Dövlət Milli Dram Teatrının 2025-ci il üzrə fəaliyyəti: repertuar yenilikləri və teatr həyatında fəal mövqe
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 2025-ci ilin yanvar ayından etibarən repertuar və iş planına uyğun şəkildə fəaliyyətə başlamışdır. İl ərzində teatrın yaradıcılıq fəaliyyəti həm repertuarın zənginləşdirilməsi, həm də beynəlxalq və yerli tədbirlərdə fəal iştirak baxımından diqqətəlayiq olmuşdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, teatrın illik repertuar planına əsasən dörd yeni əsas səhnə əsəri təsdiqlənmişdir. I rüb üçün Samuel Bekketin “Qodonun intizarında”, II rüb üçün Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”, III rüb üçün Hüseyn Cavidin “Ana” əsərləri nəzərdə tutulmuşdur. IV rüb üçün planlaşdırılan Vilyam Şekspirin “Hamlet” əsəri isə teatrın Bədii Şurasının qərarı ilə Kamal Abdullanın “Kim dedi ki, simurq quşu var imiş!” əsəri ilə əvəz edilmişdir.
16 yanvar 2025-ci il tarixdə Qriqori Qorinin “Herostratı unudun” tamaşasına ictimai baxış keçirilmiş və uğurlu təqdimata görə tamaşa repertuara qəbul edilmişdir. Ardınca 30 aprel 2025-ci ildə “Qodonun intizarında”, 24 iyun 2025-ci ildə “O olmasın, bu olsun”, 22 oktyabr 2025-ci ildə “Ana” tamaşalarına ictimai baxış keçirilərək qəbul edilmişdir. 28 noyabr 2025-ci il tarixdə isə “Kim dedi ki, simurq quşu var imiş!” tamaşası repertuara daxil edilmişdir.
Repertuar tamaşaları ilə yanaşı, teatrın daxili imkanları hesabına hazırlanan Mehmet Ümit Görgülünün “Kəloğlan” uşaq tamaşası 19 iyun 2025-ci il tarixdə ictimai baxışdan sonra repertuara salınmışdır. Bundan əlavə, repertuardankənar olaraq A.Babayevin “Nağıllar aləmində”, T.Karelina “Tilsimlənmiş gözəl” uşaq tamaşaları, B.Nəzərlinin “Gəmi batır”, İ.Mirzəcanovun “Mənim”, Ştefan Zveyqin “Yad qadının məktubu” mono tamaşaları, M.Q.Əkbərovun “Şüuraltı kölgələr” və qəzəllər əsasında hazırlanan “Ruhun meracı” bədii kompozisiyası teatrın 2025-ci il repertuarına daxil edilmişdir. Beləliklə, il ərzində teatrın repertuarına ümumilikdə 13 yeni tamaşa əlavə olunmuşdur.
Bununla yanaşı, müəyyən səbəblərdən səhnələşdirilməsi dayandırılmış Tuncər Cücənoğlunun “Rəngsaz” tamaşası bərpa edilərək yenidən tamaşaçılara təqdim edilmişdir.
Teatr həftəsonları və bayram günlərində böyüklər və uşaqlar üçün tamaşalar nümayiş etdirmiş, Yeni il və Novruz tətili dövründə tamaşaçıların asudə vaxtının səmərəli təşkilinə töhfə vermişdir.
2025-ci ildə Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq və respublika əhəmiyyətli layihələrdə də fəal iştirak etmişdir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində 10 fevral 2025-ci il tarixdə Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşası Bakı tamaşaçılarına təqdim edilmiş və layihədə III yerə layiq görülmüşdür.
Teatr 23 fevral 2025-ci il tarixdə Türkiyənin Trabzon şəhərində keçirilən “12-ci Uluslararası Erol Günaydın Teatr Günləri” festivalında Viktor Hüqonun “Edama məhkumun son günü” tamaşası ilə iştirak etmiş, 28 mart 2025-ci il tarixdə isə Samsun şəhərində keçirilən beynəlxalq festivalda diplomla təltif olunmuşdur. 30 may 2025-ci ildə “Herostratı unudun” tamaşası ilə Dənizli şəhərində, həmçinin Vanda keçirilən II Beynəlxalq Monotamaşalar Festivalında “Gəmi batır” monotamaşası ilə uğurla çıxış etmişdir.
İl ərzində teatr 9 qastrol səfəri (1 Bakı, 8 Muxtar Respublika daxilində) və 4 beynəlxalq festival səfəri həyata keçirmişdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Əli Əmirlinin “Xeyir xəbər” tamaşası müxtəlif rayonlarda nümayiş etdirilmiş, uşaqlar üçün “Sehrli yaylıq” tamaşası açıq məkanda təqdim olunmuşdur.
10 mart – Milli Teatr Günü münasibətilə teatrda “Teatr çələngi” layihəsi həyata keçirilmiş, xalq teatrlarının iştirakı ilə tamaşa nümayişləri, ustad dərsləri və panel müzakirələr təşkil olunmuşdur. Layihə çərçivəsində Muxtar Respublikanın bütün xalq teatrları Naxçıvan teatrının səhnəsində çıxış etmişdir.
Bundan əlavə, teatrda ustad dərsləri, panel müzakirələr, yubiley tədbirləri, daxili monotamaşa müsabiqəsi və “Teatr könüllüləri” layihəsi həyata keçirilmiş, sentyabr ayından etibarən aktyorlar üçün mütəmadi aktyorluq məşqələləri təşkil olunmuşdur.
Naxçıvan Dövlət Milli Dram Teatrı 2024–2025-ci il teatr mövsümünü 27 iyun 2025-ci il tarixdə “Qodonun intizarında” tamaşası ilə bağlamış, 143-cü teatr mövsümünü isə 13 sentyabr 2025-ci il tarixdə “O olmasın, bu olsun” tamaşası ilə açıq elan etmişdir. Həmin gün teatrın üç nümayəndəsi Akademik Milli Dram Teatrında keçirilən 153-cü teatr mövsümünün açılış mərasimində qonaq qismində iştirak etmişdir.
















