Şahbuz rayonunda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib -

Şahbuz rayonunda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - FOTO

01 Noyabr 2025

Konstitusiya və Suverenlik İli çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə Şahbuz rayonunda genişmiqyaslı ağacəkmə aksiyası həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması və şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan aksiya Naxçıvan–Şahbuz magistral yolunun Sələsüz kəndi ərazisindən keçən hissəsində təşkil olunub. Burada əvvəlcədən torpaq hazırlığı işləri aparılıb, suvarma və gübrələmə üçün şərait yaradılıb.

Aksiya çərçivəsində 1 hektar ərazidə 900 ədəd meşə və meyvə tingi, həmçinin yol kənarlarında 100 ədəd gül kolu əkilib. Əkilən ağac və gül kollarına aqrotexniki qaydalara uyğun qulluq göstərilib, üzvi gübrələr verilib, gövdələr zərərvericilərə qarşı ağardılıb və suvarma işləri aparılıb.

Aksiya iştirakçıları qeyd ediblər ki, bu cür tədbirlər təkcə ətraf mühitin mühafizəsinə deyil, həm də vətənpərvərlik ruhunun aşılanmasına, şəhidlərimizin əziz xatirəsinin daima yaşadılmasına xidmət edir.

Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bu təşəbbüs ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam təbii mühitin formalaşdırılması istiqamətində atılmış mühüm addımlardan biridir.