19–20 sentyabr – dövlət suverenliyimizin bərpa olunduğu tarix

19–20 sentyabr – dövlət suverenliyimizin bərpa olunduğu tarix

19 Sentyabr 2026

Azərbaycan tarixində elə günlər var ki, onların mənası bir təqvim tarixindən daha böyükdür. 19–20 sentyabr 2023-cü il də belə günlərdəndir. Bu iki gün illərlə davam edən mübarizənin son mərhələsini tamamladı, Azərbaycan dövlətinin öz ərazisində tam hakimiyyətini və suverenliyini təmin etdi.

Bu tarixə aparan yol asan olmayıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan az sonra ağır müharibə, işğal və böyük humanitar itkilərlə üzləşdi. Yüz minlərlə insan doğma evindən ayrı düşdü, Qarabağ və ətraf rayonlarımız uzun illər həsrətə çevrildi. Buna baxmayaraq, xalqın torpaqla bağlı yaddaşı və qayıdış arzusu heç vaxt itməyib.

19 sentyabr – son mərhələnin başlanğıcı

2020-ci ilin 44 günlük Vətən müharibəsi bu tarixin ən mühüm dönüş nöqtələrindən biri oldu. Azərbaycan Ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad etdi və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün yeni reallıq yaratdı.

Lakin Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin mövcudluğu dövlət suverenliyinin bütün ərazidə tam təmin olunmasına mane olurdu.

19 sentyabr 2023-cü ildə Qarabağda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusu qarşıya qoyulan hərbi vəzifələri qısa müddətdə yerinə yetirdi.

Bu hadisəyə yalnız hərbi əməliyyat kimi baxmaq düzgün olmaz. Çünki 19 sentyabrın arxasında üç onillikdən artıq davam edən gözlənti, itirilmiş həyatların ağrısı, ata-baba torpaqlarına qayıtmaq arzusu dayanırdı.

20 sentyabr – yeni mərhələnin başlanğıcı

Sentyabrın 20-də saat 13:00-da əldə olunan razılaşma əsasında hərbi əməliyyatlar dayandırıldı. Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər 23 saat 43 dəqiqə davam edib. Nəticədə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa olunub.

2024-cü il sentyabrın 19-da imzalanan Sərəncamla sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edildi. Beləliklə, 20 sentyabr yalnız 2023-cü ilin hadisəsini xatırladan tarix deyil, Azərbaycan dövlətinin öz ərazisində tam hakimiyyətinin bərpasını ifadə edən dövlət səviyyəli yaddaş gününə çevrildi.

Amma hər bir böyük nəticənin arxasında insan taleləri dayanır. Bu tarixi nəticəyə gedən yolda canından keçən şəhidlərimizin hər birinin öz ailəsi, arzuları, yarımçıq qalan ömrü vardı. Bu səbəbdən Dövlət Suverenliyi Gününü xatırlamaq həm dövlətimizin əldə etdiyi nəticəni dərk etmək, həm də həmin suverenliyin qorunması üçün həyatını fəda edən insanları unutmamaq deməkdir.

Şəhid ailələrinin yaşadığı qürur və nisgil də bu tarixin ayrılmaz hissəsidir. Onlar övladlarının, həyat yoldaşlarının, atalarının yoxluğunu hər gün hiss etsələr də, Vətən qarşısında verilən fədakarlığın qiymətini də daşıyırlar. Bu baxımdan şəhidlərin xatirəsinə ehtiram yalnız anım günlərində deyil, gündəlik həyatımızda da özünü göstərməlidir – onların övladlarına göstərilən diqqətdə, ailələrinə olan münasibətdə, Vətənə məsuliyyətli yanaşmada.

Bu gün həmin tarixin nəticələrini artıq həyatın özündə görmək mümkündür. Qarabağ və Şərqi Zəngəzurda yollar, məktəblər, yaşayış məhəllələri, sosial obyektlər qurulur, illərlə başqa yerlərdə yaşayan ailələr doğma yurdlarına qayıdır. 2026-cı ilin sentyabrında Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə yeni köç karvanlarının yola salınması Böyük Qayıdışın davam etdiyini göstərir.

Bəlkə də bu tarixin ən böyük mənası elə bundadır: vaxtilə yalnız xatirələrdə, köhnə fotolarda və ata-babaların söhbətlərində yaşayan yurd yerləri indi yenidən canlı həyata qovuşur. Bu torpaqlarda evlər tikilir, uşaqlar məktəbə gedir, ailələr öz həyətlərinə qayıdır. Bir vaxtlar “qayıdacağıq” deyən insanların arzusu bu gün real həyata çevrilir.

Bu reallıq bizə bir məsuliyyət də yükləyir. Suverenlik yalnız sərhədlərin və ərazilərin qorunması deyil. Onu yaşatmaq üçün güclü dövlət, sağlam cəmiyyət, milli birlik, qanunun aliliyinə hörmət və Vətən qarşısında məsuliyyətli nəsil lazımdır. Qarabağda qurulan yeni həyatın ən böyük təminatı da məhz budur.

19 sentyabr 2023-cü ildə başlayan hadisələr 20 sentyabrda mühüm tarixi nəticə ilə tamamlandı. Bu gün isə həmin nəticənin üzərində yeni bir həyat qurulur.

Şəhidlərimizin qanı ilə qorunan torpaqlarda uşaqların gülüşünün eşidilməsi, ailələrin doğma evlərinə qayıtması, Azərbaycan Bayrağının bütün ərazilərimizdə dalğalanması bu tarixin ən canlı mənasıdır.

Sentyabr tarixini xatırlamaq keçmişə baxmaqla kifayətlənmək deyil. Bu tarix həm də bizə bu günümüzün dəyərini, şəhidlərimizin bizə əmanət etdiyi Vətənin məsuliyyətini və gələcək qarşısında borcumuzu xatırladır.

Vətən uğrunda həyatını itirən bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.

Allah şəhidlərimizə rəhmət eləsin!


Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi