Azərbaycan internet sürətində 3 pillə irəliləyib
Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,77 Mbps) görə iyul ayına nisbətən 3 pillə irəliləyərək 149 ölkə arasında 78-ci olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" "Speedtest Global Index"ə istinadən xəbər verir ki, ötən ay bir il əvvəlki göstərici (83,95 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 10,5 % artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (462,5 Mbps), axırıncı yeri isə Əfqanıstan (5,76 Mbps) tutub.
Azərbaycan ötən ay mobil internetin sürətinə görə 1 pillə irəliləyərək 99,13 Mbps sürətlə 102 ölkə arasında 47-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (675,51 Mbps), sonuncu yeri isə Əfqanıstan (19,13 Mbps) tutub.
Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə geriləyərək 194 şəhər arasında 92,6 Mbps sürətlə 116-cı yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (416,81 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Herat (4,17 Mbps) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 1 pillə irəliləyərək 122,6 Mbps sürətlə 149 şəhər arasında 78-ci yerdə qərarlaşıb.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (702,28 Mbps), sonuncu yeri Misrata (Liviya) (19,26 Mbps) tutub.








