Azərbaycan–İran Birgə Komissiyasının 55-ci iclası keçirilib

Azərbaycan–İran Birgə Komissiyasının 55-ci iclası keçirilib

11 İyun 2026

İyunun 8–11-də Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 55-ci iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"  bu barədə Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

İranda keçirilən iclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ADSEA tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, bu ölkənin Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub.

Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Azərenerji" ASC-nin nümayəndələri iştirak ediblər.

İclas çərçivəsində Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri hazırlanaraq təsdiq olunub. Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb.