Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonaları yaradılacaq
Azərbaycanın beynəlxalq hava limanlarında üçüncü ölkəyə gedənlər üçün tranzit zonalarının yaradılması nəzərdə tutulur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"da öz əksini tapıb.
Qaydalara əsasən, hava limanından üçüncü ölkəyə gedən hava gəmisinin heyət üzvlərinin, sərnişinlərinin və onların baqajlarının sərhəd nəzarəti prosedurlarını keçmədən və 24 saatdan artıq olmayan müddət üçün viza tələb olunmadan hava limanında qala bilmələri üçün ölkənin beynəlxalq hava limanlarında tranzit zonaları yaradılacaq.
Bundan başqa, Miqrasiya Məcəlləsinə uyğun olaraq, əcnəbi və ya xarici ölkədə daimi yaşayan vətəndaşlığı olmayan sərnişinlər təyyarə dəyişmədən ölkənin ərazisindən tranzitlə uçduqda, hava limanının tranzit zonasında sərhəd nəzarəti prosedurlarını keçmədən təyyarə dəyişməklə təyinat ölkəsinə getdikdə, Azərbaycanın dövlət sərhədini keçməyə imkan verən digər vizalar verilmiş olduqda və ya Azərbaycan ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin vətəndaşları olduqda, tranzit keçid üçün tranzit vizası tələb edilməyəcək.








