
İcra başçısı: Mediamız son illərdə böyük uğurlar əldə edib
“Naxçıvanxəbərləri” informasiya portalının 10 illik yubileyi münasibətilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov kollektivimizi təbrik edib.
O, öz müraciətində ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə media sahəsində görülən əsaslı işlərə toxunub, hazırkı dövrdə Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini və medianın inkişafına daim xüsusi diqqət yetirdiyini vurğulayıb.
Kamal Cəfərov bildirib ki, “2020-ci ildə ölkəmizin bioloji, hərbi və informasiya mübarizələrindən qələbə ilə çıxması, ölkə Prezidentinin qərb dairələrinin populyar media nümayəndələrinə verdiyi müsahibələr Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından mühüm rol oynayıb”.
O, Prezident İlham Əliyevin ölkə və dünya mediasına mütəmadi müsahibələr verməsini, medianın suallarına geniş cavablar təqdim etməsini jurnalistlərə olan yüksək etimadın göstəricisi kimi dəyərləndirib.
Naxçıvan mediasının son illər əldə etdiyi uğurları da diqqətə çatdıran Kamal Cəfərov qeyd edib ki, muxtar respublika Azərbaycanın ümumi informasiya məkanında mühüm yer tutur və “Naxçıvanxəbərləri” informasiya agentliyi bu prosesin önündə gedən media qurumlarındandır.
Sonda Kamal Cəfərov kollektivi təbrik edərək belə deyib:
“Əminəm ki, "Naxçıvanxəbərləri"nin kollektivi milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin, mətbuatımızın himayədarı Ümummilli Lider Heydər Əliyevin və söz azadlığının təminatçısı cənab İlham Əliyevin sizlərə olan ümid və inamını obyektiv və qərəzsiz fəaliyyətinizlə doğrultmaqda davam edəcək. Bu işdə sizlərə uğurlar diləyir, ayinələrinizin şəffaf, qələminizin iti olmasını arzu edirəm!”