Müstəqil Azərbaycanın ilk Konstitusiyası 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Müstəqil Azərbaycanın ilk Konstitusiyası 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

12 Noyabr 2024

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə əks etdirən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl  sənəddir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. 

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında  Konstitusiyaya  əlavə və dəyişikliklər edilib. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan  SSR-in növbəti  Konstitusiyası   qəbul edilib.   1936-cı ildə SSRİ-nin yeni  Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycanın yeni Konstitusiyası qüvvəyə minir.

Azərbaycan SSR-in sayca dördüncü Konstitusiyası 1978-ci ilin 21 aprel tarixində 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edilir. Onu da diqqətə çatdırmaq lazımdır  ki, bu Konstitusiyanın qəbul olunmasında Ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdu.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün bu məqsədlərə nail olundu, öncə ictimai-siyasi sabitlik təmin edildi, müstəqil dövlət quruculuğu prosesi başlandı, dövlət müstəqilliyi və suverenliyi bərpa olundu. Ümummilli liderimiz Heydər Əliyevin  siyasəti yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli lider Heydər Əliyev bu haqda deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.      

Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1995-ci ilin may ayında Konstitusiya Komissiyası yaradılir. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verilir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də  isə ümumxalq səsverməsinə çıxarılır. Referendumda seçicilərin 86 faizi iştirak edir.  Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verir. Bununla da əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minir.

Bu Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi dəyərləndirilməlidir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.  Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsişdir ki, bu da ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi: “Bu gün Azərbaycan dövləti demokratik dəyərlərə əsaslanan azad vətəndaş cəmiyyətinin bərqərar edilməsi naminə Konstitusiyanın əsas müddəalarının dönmədən həyata keçirilməsinə, onların reallaşdırılması üçün zəruri hüquqi-normativ baza və siyasi mühit yaradılmasına, bu müddəalara dolğun məzmun verilməsinə çalışır, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının yeniləşməsində onun açdığı geniş imkanlardan səmərəli istifadə olunmasına böyük əhəmiyyət verir”.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il avqustun 24-də dəyişikliklər, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da isə əlavələr və dəyişikliklər edilib.

Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Bir sözlə, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoyulmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları -azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir. Milli dövlətimiz durduqca, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğurulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır”.

Həqiqətən də, Azərbaycan Respublikasının Konstitusiyası  müasir dövrün ən demokratik prinsiplərini, müddəalarını təsbit edən ən təkmil konstitusiyalardan biridir.

Ələkbər CABBARLI

Fəxriyyə CƏFƏROVA