Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 19,9 faiz artıb

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 19,9 faiz artıb

08 Sentyabr 2025

2025-ci ilin yanvar-avqust ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 160,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 13,7 faiz və ya 19,4 milyon manat çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 110,4 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 18,3 milyon manat və ya 19,9 faiz artıb. Ödənilən vergilərin 68,7 faizi qeyri-dövlət sektorunun, 31,3 faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2025-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 3 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 10,3 faiz artıb və 20,2 milyon manatdan artıq təşkil edib.