Naxçıvan büdcəsinin icrasında artım qeydə alınıb

Naxçıvan büdcəsinin icrasında artım qeydə alınıb

08 Sentyabr 2025

2025-ci ilin yanvar–avqust aylarında büdcənin icrası büdcə intizamının gücləndirilməsi, fiskal idarəetmənin səmərəli təşkili və iqtisadi sabitliyin qorunması istiqamətində mühüm nəticələr verib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən,  hesabat dövründə büdcənin gəlirləri üzrə 136,5 milyon manatlıq proqnoza qarşı faktiki daxilolmalar 180,9 milyon manat təşkil edib. Bu göstərici 44,4 milyon manat və ya 32,5 faiz artımla icra olunub.

Gəlirlərin 165,9 milyon manatı (91,7 faiz) vergi daxilolmalarının, 12,1 milyon manatı (6,68 faiz) gömrük ödənişlərinin, 1,6 milyon manatı (0,89 faiz) büdcə təşkilatlarının ödənişli xidmətlərinin, 1,3 milyon manatı (0,73 faiz) isə digər daxilolmaların payına düşüb. Vergi daxilolmalarında xüsusilə əlavə dəyər vergisi 121 faiz, aksiz vergisi 153 faiz, fiziki şəxslərin gəlir vergisi 115 faiz, hüquqi şəxslərin mənfəət vergisi isə 126 faiz səviyyəsində yerinə yetirilib.

Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvana ayrılmış dotasiya üzrə 167,6 milyon manatlıq plana qarşı 120 milyon manat vəsait icra olunub. Bu, plan göstəricisindən 28,4 faiz az olmaqla muxtar respublikanın daxili maliyyə imkanlarının genişləndiyini göstərir.

Büdcə xərcləri üzrə isə 310,9 milyon manatlıq plana qarşı 276,9 milyon manat icra qeydə alınıb, ümumi icra səviyyəsi 89 faiz təşkil edib. Əməyin ödənişi xərcləri 202 milyon manatla 99 faiz, sosial ödənişlər 3 milyon manatla 77 faiz, subsidiyalar və qrantlar 15 milyon manatla 83 faiz, malların və xidmətlərin satınalınması 30 milyon manatla 73 faiz, qeyri-maliyyə aktivləri isə 26 milyon manatla 62 faiz icra olunub.

Xərclərin funksional bölmələr üzrə icrasında da dinamika müşahidə olunub. “Sosial müdafiə və sosial təminat” bölməsi üzrə xərclər tam (100 faiz) icra edilərək 6 milyon manat, “Təhsil” üzrə 97 faizlə 99 milyon manat, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” üzrə 96 faizlə 54 milyon manat, “Ümumi dövlət xidmətləri” üzrə 91 faizlə 45 milyon manat, “Mədəniyyət, incəsənət və digər” üzrə isə 91 faizlə 16 milyon manat icra olunub.

Məlumata görə, ötən üç il ərzində aparılan islahatlar nəticəsində Naxçıvan büdcəsində fiskal dayanıqlıq gücləndirilib, dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi azaldılıb və xərclərin 57 faizi daxili yığımlardan qarşılanıb. Növbəti dövrlərdə də fiskal siyasətin təkmilləşdirilməsi, büdcə gəlir və xərclərinin optimallaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi ilə idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdiriləcək.