Naxçıvanlı idmançı dünya kubokunun sahibi olub -

Naxçıvanlı idmançı dünya kubokunun sahibi olub - FOTO

18 May 2026

Türkiyənin Antalya şəhərində “Turkish Open WAKO World Cup” kikboksinq turniri keçirilib. On birinci dəfə təşkil olunan ənənəvi dünya kuboku yarışında 43 ölkədən 97 klub və 3000-ə yaxın idmançı iştirak edib. 12-17 may tarixlərini əhatə edən yarışda Azərbaycan yığma komandası da təmsil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yığmanın heyətində Naxçıvanda fəaliyyət göstərən “Ləvənt Bulut” döyüş klubundan baş məşqçi Etibar Qəribov və idmançılar Uğur Əliyevlə, Nurlan Rzayev də olub. Hər iki idmançı mükafatçılar sırasına düşməklə ölkəmizin aktivinə medallar əlavə etdiriblər.

Gənclər arasında K1 stili üzrə 71 kq çəki dərəcəsində çıxış edən Uğur Əliyev mübarizəyə ¼ finaldan qoşulub. İki türkiyəli rəqibini üstələyərək finala vəsiqə qazanan idmançımız həlledici görüşdə Almaniya təmsilçisi Filipp Slabçenkonu da məğlub edərək qızıl medala və kuboka sahib çıxıb. Nurlan Rzayev isə uşaqların yarışında “point fighting” növündə bürünc medalçı olub.