Saxta sənədlərdən istifadə etmə hansı məsuliyyətə səbəb olur ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə hansı məsuliyyətə səbəb olur ?
Cavab: Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda göstərilmiş hallar üzrə bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə həmin şəxslər barəsində min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuşdur.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas - Nurlan Əhmədli








