
Sevinc Abbasova: “Naxçıvanxəbərləri” milli-mənəvi dəyərlərin carçısına çevrilib
“Naxçıvanxəbərləri” İnformasiya Portalının fəaliyyətə başlamasının 10 ili tamam olur. Bu münasibətlə Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru, dosent Sevinc Abbasova da portalın yubileyi münasibətilə təbrik ünvanlayıb.
O qeyd edib ki, 10 il öncə səssiz, lakin iddialı bir addımla fəaliyyətə başlayan “Naxçıvanxəbərləri” bu gün artıq təkcə bir media platforması deyil, milli-mənəvi dəyərlərin daşıyıcısı, unudulan adət-ənənələrin yenidən gündəmə gətirildiyi, xalqın tarixi yaddaşının yaşadıldığı bir məkana çevrilib.
Dosent Sevinc Abbasovanın fikrincə, sayt keçmişlə gələcək arasında körpü quraraq, gələcək nəsillərə sağlam milli düşüncə ötürür:
“O, sadəcə xəbərləri çatdırmır – hər paylaşımında bir tarix, bir kimlik, bir ruh danışır. Bu sayt bizə daim xatırladır: biz haradan gəlmişik, nəyi yaşadırıq və gələcək nəsillərə hansı dəyərləri ötürməliyik?”
Alim vurğulayıb ki, “Naxçıvanxəbərləri” Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın mədəni, tarixi, ədəbi və ictimai həyatını dolğun şəkildə işıqlandırmaqla yanaşı, milli informasiya məkanında sabitliyi, etibarlılığı və dürüstlüyü təmsil edir.
O, portalın fəaliyyətini yüksək qiymətləndirərək komandanı təbrik edib:
“Qələm tutan əlləriniz yorulmasın, sözünüz həmişə ucalardan gəlsin! Milli dəyərləri yaşadanlara eşq olsun!” - deyə o qeyd edib.