Hörmüz böhranı və qlobal iqtisadiyyatın "qırmızı zona"sı – ekspert təhlili
Son bir ayda İran, İsrail və ABŞ arasında pik həddə çatan geosiyasi gərginlik, dünyanın ən kritik enerji qapısı olan Hörmüz boğazını yenidən gündəmin mərkəzinə çevirib. Bu boğazın bağlanma riski dünya bazarlarına və region ölkələrinə, o cümədən Azərbaycana necə təsir edəcək?
İqtisadçı Cavadxan Qasımov "NAXÇIVANXƏBƏRLƏRİ"nə müsahibəsində mövzu ilə bağlı mühüm məqamlara toxunub.
İqtisadçı bildirib ki, Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzi arasında yerləşərək Yaxın Şərqdə hasil olunan neft və qazın böyük hissəsinin dünya bazarlarına çıxarıldığı əsas dəniz qapısıdır. Bu səbəbdən o, sadəcə nəqliyyat marşrutu deyil, qlobal enerji axınını müəyyən edən strateji nöqtə kimi çıxış edir.
Bu boğazdan enerji ixrac edən ölkələr, xüsusilə, malik olduqları neft və qaz məhsullarını dünya bazarlarına yönləndirirlər. Bu ölkələrə Səudiyyə Ərəbistanı, İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraq dövlətləri aid oluna bilər.
Eyni zamanda, burada enerji idxal edən ölkələr qrupunu da ayırmaq olar ki, onlar da, Hörmüz boğazından keçən tanker vasitəsilə enerji alırlar. Xüsusilə, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Avropa İttifaqı ölkələri (xüsusən Almaniya, Fransa, İtaliya), ABŞ kimi ölkələri bura aid etmək olar.
Hörmüz boğazı həm enerji ixrac edən Yaxın Şərq ölkələri, həm də enerji idxal edən Asiya, Avropa və ABŞ kimi uzaq ölkələr üçün kritik nəqliyyat marşrutudur.
Məlum gərginlik üzündən Hörmüz boğazından istifadə edən ölkələr üçün yeni reallıqlar özünü göstərir ki, bunu da qarşıdakı mərhələlər üzrə fərqli vəziyyələrini görmək olacaq.
Eskpertin sözlərinə görə, hadisələrin gedişi göstərir ki, bu boğazda hərbi qarşıdurmanın və ya blokadanın yaranması, bir sıra neqativ nəticələrin baş verməsini gətirib çıxaracaq.
Ekspert mümkün nəticələri belə izah edir:
"İlkin olaraq, enerji qiymətlərinin kəskin şəkildə yüksəlməsi ilə dünya bazarına nəql olunan neft və qazın böyük bir qismi həm yubana və ya hətta sonlana bilər. Eyni zamanda, beynəlxalq miqyaslı inflyasiyanın həcminin artması ilə müşayiət oluna bilr ki, bununla da, enerji qiymətlərinin artması, öz növbəsində, nəqliyyat, istehsal və logistika məsrəflərinin çoxalmasında özünü göstərə bilər. Burada həmçinin, həm ticarət, həm də, logistika əlaqəliliyinin dağılması nəticəsində enerji çatışmazlığı özünü göstərə bilər. Bununla da, sənaye məhsullarının yaradılmasına və beynəlxalq ticarət əlaqələrinin pozulmasına mənfi təsirlərinə görə fərqlənəcək.
Bunlarla yanaşı, maliyyə bazarlarında qeyri-sabitlik yarada bilər ki, bunun da nəticəsində, investorlar risklərdən uzaq durmağa çalışması nəticəsində kapital axınında fərqliliklər özünü göstərə bilər. Bütün bunlara görə də, Hörmüz boğazı yalnız regional deyil, həm də, qlobal iqtisadi təhlükəsizlik məsələsi hesab olunur".
Cavadxan Qasımov dünyada mövcud rəqəmsal dəhlizlər və fiber-optik xətlər regional gərginliklər, xüsusilə Hörmüz boğazında yarana biləcək risklərin qlobal kommunikasiya və iqtisadi təhlükəsizliyin təmin olunmasında rolunu bildirib:
"Modernləşən dünya iqtisadiyyatı təkcə enerji sahəsində deyil, eyni zamanda da informasiya axınlarından və onların düzgün idarə olunması proseslərindən asılıdır. Fiber-optik kabellər və rəqəmsal dəhlizlər beynəlxalq internet trafiki, maliyyə əməliyyatları, bulud xidmətləri və rəqəmsal ticarət məqsədilə zəruri təsisatlardır. Mövcud regional gərginliklər (məsələn, Hörmüz ətrafında hazırkı təhdidlər) aşağıdakı səbəblərə görə alternativ data marşrutlarını vacib edir:
–İnternet trafikinin ardıcıllığı təmin olunur;
–Maliyyə və bank sistemlərinin davamlı fəaliyyəti qorunur;
–Beynəlxalq ticarət və logistika təsisatları işlək qalır;
–Rəqəmsal iqtisadiyyatın təminatlılığı və etibarlılığı artır.
Bu səbəbdən Avropa və Asiya arasında müxtəlif fiber-optik marşrutlarının yaradılması qlobal iqtisadi sabitliyin vacib elementinə çevrilir".
Müsahib Azərbaycan və digər regional ölkələrin bu risklər qarşısında iqtisadi strategiyalarını necə tənzimləmələri olduqlarını diqqətə çatdırıb:
Azərbaycan və region ölkələri aşağıdakı istiqamətlərdə strategiyalar qurmalıdır:
–Enerji və nəqliyyat marşrutlarının diversifikasiyası əsasında milli iqtisadiyyatın qorunması ilə;
–Orta Dəhlizin və digər alternativ logistika layihələrinin inkişafı ilə müqavimətli iqtisadiyyatın təşəkkülü ilə;
–Rəqəmsal infrastruktura investisiyaların artırılması əsasında etibarlı investisiya mühitinin yaradılması ilə;
–Regional iqtisadi əməkdaşlığın gücləndirilməsi əsasında beynəlxalq iqtisadi münasibətlərin fəal iştirakçısı olmaqla.
Bu yanaşma iqtisadiyyatın xarici şoklara qarşı daha dayanıqlı olmasını təmin edir. Çünki, ölkəmiz bu təminatlardan istifadə etməklə, uzunmüddətli milli prioritetlərini daha qətiyyətlə əlçatan edəcəkdir".
Müsahibəni hazırladı:
Nəzrin Umay








