Tələbələr üçün rəqəmsal gələcək mövzusunda tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə 17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə “Rəqəmsal Gələcək və Gənclər” mövzusunda tədbir keçirilib. Naxçıvan Dövlət Texniki Kollecində baş tutan tədbirdə Nazirliyin aparatının əməkdaşları, kollecin müəllim və tələbə heyəti, eləcə də Nazirliyin tabeli qurumlarında təcrübə keçən tələbələr və rəqəmsal könüllülər iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbirin rəsmi hissəsində çıxış edən “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin direktor müavini Hüseyn Əsgərli informasiya-kommunikasiya texnologiyalarının inkişafına göstərilən diqqətin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, rəqəmsallaşma müasir dövrdə bütün sahələri əhatə edir və informasiya texnologiyaları cəmiyyətin inkişafında əsas aparıcı qüvvələrdən birinə çevrilib.
Hüseyn Əsgərli çıxışında süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlardan, rəqəmsal transformasiyanın dövlət idarəçiliyində və gündəlik həyatda artan rolundan, eləcə də kibertəhlükəsizliyin təmin edilməsinin vacibliyindən bəhs edib. O qeyd edib ki, xüsusilə gənclərin bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməsi gələcək əmək bazarında onların rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.
Asəf Ruşanov çıxışında informasiya texnologiyalarının təhsil sistemində tətbiqinin əhəmiyyətindən danışaraq bildirib ki, rəqəmsal bacarıqlara yiyələnən gənclər gələcəyin peşələrinə daha hazırlıqlı olurlar. O qeyd edib ki, tələbələrdə innovativ düşüncə tərzinin formalaşdırılması, müasir texnologiyalara marağın artırılması və onların telekommunikasiya, proqramlaşdırma, süni intellekt kimi sahələrə yönləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Direktor vurğulayıb ki, gələcəkdə kollecdə əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisas və tədris proqramlarının yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, məqsəd tələbələrin müasir dövrün çağırışlarına uyğun bilik və bacarıqlarla hazırlanmasını təmin etmək, onların gələcək peşə fəaliyyətində rəqabət qabiliyyətini artırmaqdır.
Tədbir çərçivəsində keçirilən panel sessiyasında Nazirliyin əməkdaşları Kənan Hüseynəliyev, Bilgin Həsənov və İnci Həsənova, həmçinin kollecin müəllimi Ruzigar Əliyeva rəqəmsal savadlılıq və kibertəhlükəsizlik, sosial medianın gənclərin həyatına təsiri, telekommunikasiya sahəsində yeni peşələr və karyera imkanları, eləcə də süni intellekt və informasiya texnologiyalarının gələcəyi ilə bağlı geniş məlumat veriblər.
Qeyd edilib ki, tədbirin əsas məqsədi gənclərin informasiya texnologiyaları, süni intellekt, rəqəmsal təhlükəsizlik və müasir telekommunikasiya sahələri üzrə bilik və məlumatlılığını artırmaq, onların gələcək peşə seçimi və karyera inkişafına dəstək göstərməkdir.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.













