Ağsaqqallar Şurası: İlham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı qətiyyətli mövqeyini tam dəstəkləyirik
İranın Naxçıvanda mülki infrastruktura qarşı dron hücumu bütün Azərbaycan ictimaiyyəti kimi, Azərbaycan Ağsaqqallar Şurasının üzvlərində də ciddi narahatlıq və dərin hiddət doğurub.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Azərbaycan Ağsaqqallar Şurasının bəyanatında deyilir.
Qeyd olunub ki, bu hadisə beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə, habelə dövlətlərarası münasibətlərin fundamental qaydalarına açıq şəkildə zidd olan son dərəcə təhlükəli və qəbuledilməz addımdır:
"Azərbaycan Ağsaqqallar Şurası bu xain hücum aktını qətiyyətlə pisləyir və onu müstəqil Azərbaycan dövlətinə qarşı yönəlmiş növbəti təxribat kimi qiymətləndirir".
Bəyanat müəllifləri vurğulayıb ki, bu hadisə İran tərəfindən Azərbaycana qarşı yönəlmiş ilk düşmənçilik addımı deyil.
"Hamımız yaxşı xatırlayırıq ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində səfirliyin işçisi həlak olmuş, digər əməkdaş isə ağır yaralanıb. Bu kimi hadisələr regionda sülhə, qarşılıqlı etimada və dövlətlərarası münasibətlərin sağlam məcrada inkişafına sarsıdıcı zərbə vurur", - bəyanatda deyilir.
Azərbaycan Ağsaqqallar Şurası bildirib ki, müstəqil Azərbaycan dövləti öz suverenliyinin, ərazi bütövlüyünün və vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məsələsində qətiyyətlidir:
"Biz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu məsələ ilə bağlı qətiyyətli mövqeyini tam dəstəkləyir, dövlətimizin atdığı bütün siyasi, diplomatik və hüquqi addımları yüksək dəyərləndiririk. Azərbaycan Silahlı Qüvvələrinin və dövlət təhlükəsizlik strukturlarının ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində gördüyü tədbirlərə inamımız tamdır".








