Naxçıvanda ağacəkmə aksiyası keçirilib -

Naxçıvanda ağacəkmə aksiyası keçirilib - FOTO

06 Mart 2026

Martın 6-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Nazirliyin  əməkdaşları, ekokönüllülər və qeyri-hökumət təşkilatları tərəfindən Naxçıvan–Şahbuz avtomobil yolunun 11-ci kilometrliyində, yolun sol hissəsində terras üsulu ilə əkilmiş təpəlik ərazidə ağacəkmə aksiyası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev  bildirib ki, muxtar respublikada yaşıllaşdırma sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qeyd olunub ki, cari il ərzində ümumilikdə 485,5 hektar sahədə əkin işləri planlaşdırılır. Nazir vurğulayıb ki, Nazirlik tərəfindən meşəsalma və meşəbərpa tədbirləri çərçivəsində muxtar respublika ərazisində yol kənarlarında da yaşıllaşdırma işləri aparılır. Yaşıllaşdırma tədbirləri həyata keçirilərkən suvarma sistemlərinin qurulmasına və su ehtiyatlarından səmərəli istifadənin təmin olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə hazırda Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən avtomobil yolunun sağ kənarında yerləşən 7,5 hektar ərazidə damcılı suvarma sistemi qurulub.

Aksiya zamanı 12 hektar sahəyə iydə, yulğun, tut, eldar şamı, giparis, üzüm, aylant və digər növlər daxil olmaqla ümumilikdə 3300-dən çox ting əkilib.

Məlumat üçün bildirək ki, muxtar respublikada əsas magistral yolların kənarında və yaxınlığında yerləşən yaşıllıq sahələrinin rəqəmsal databazası yaradılmış, yaşıllıq sahələrinin ölçüsü, mülkiyyəti, növ tərkibi, fotoşəkilləri və digər göstəriciləri məlumat bazasına inteqrasiya olunmuşdur. Digər ərazilər üzrə bu işlər davam etdirilir.