Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib -

Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib - FOTO

27 Noyabr 2026

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan şəhərində Naxçıvan sakinlərini qəbul edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Özünüməşğulluq proqramı üzrə Naxçıvan sakinləri Yolçuyev Asiman Məhərrəm oğlu və Həsənova Röya Valeh qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış da keçirilib. Proqram çərçivəsində aktivlər verilməklə Asiman Yolçuyev üçün dülgər sexi, Röya Həsənova üçün isə qadın gözəllik salonu üzrə kiçik təsərrüfatlar qurulub.

Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində muxtar respublikada 3453 şəxs üçün kiçik ailə təsərrüfatları qurulub.