
Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, “Cənub-Astara” gömrük postunda Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya “kələm” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilib. Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması tətbiq olunub.
Yoxlama zamanı yükün içərisindən falqaya bükülmüş şəkildə, fiziki görünüşcə kələm formasına salınan və gömrük nəzarətindən gizlədilən 139 ədəd bağlamadan qablaşdırma ilə birgə ümumi çəkisi 39 kq 895 qram narkotik vasitə - marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.