Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib

07 İyun 2025

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumatverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib. 

Tədbirlərdə Azərbaycanın islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət olması xüsusi vurğulanıb.

Şəxsi heyətə xalqımızın milli-mənəvi dəyərlərindən və islam dininin gözəlliyindən bəhs edən videoçarxlar, sənədli filmlər nümayiş etdirilib.

Müdafiə nazirinin tapşırığına əsasən Qurban bayramı münasibəti ilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində şəhidlərimizin məzarları ziyarət olunub, ailə üzvlərinə və hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizə baş çəkilib, onlara Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.