Kukla Teatrı: Sizin varlığınız – bizim görünməyən ipimizi görünən etdi

Kukla Teatrı: Sizin varlığınız – bizim görünməyən ipimizi görünən etdi

07 İyun 2025

“Naxçıvanxəbərləri” informasiya portalının 10 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Kukla Teatrı kollektivi redaksiya heyətini təbrik edib.

Teatrın bədii rəhbər-direktoru Səyyad Məmmədovun adından yayımlanan təbrikdə “Naxçıvanxəbərləri”nin mədəniyyət sahəsinə göstərdiyi diqqət və dəstək yüksək qiymətləndirilib:

“Biz səhnədə kuklalarla sənət ruhunu oyadırıq, siz isə qələminizlə o ruhu yazıya, tarixə, xəbərə çevirirsiniz. Bizi hər zaman izlədiniz, səhnəarxası səssizliyimizi işıqlandırdınız, kuklaların dilindən danışan sənətin səsini ucaltmağa kömək etdiniz".

Teatr rəhbəri qeyd edib ki, “Naxçıvanxəbərləri” 10 il ərzində mədəniyyətin, teatrların və sənət adamlarının səsini oxuculara çatdıran əsas tribuna olub:

"Sizin sətirlərinizdə teatrlar danışdı, səhnə nəfəs aldı, sənət dirçəldi".

Sonda teatr kollektivi redaksiyaya sənətə duyarlı yanaşma, həssas baxış və peşəkar fəaliyyət yolunda uğurlar arzulayıb:

“Qələminiz ipə toxunan barmaq qədər incə, sözünüz səhnə qədər dolğun, gözünüz sənət qədər həssas olsun!”