Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

23 Avqust 2026

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Özbəkistan Prezidenti bəyanatla çıxış edib.

Prezident Şavkat Mirziyoyevin bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli media nümayəndələri.

Sizin iştirakınızla Azərbaycan Respublikasının Prezidenti, mənim əziz qardaşım, hörmətli İlham Heydər oğlu Əliyevi və bütün Azərbaycan nümayəndə heyətinin üzvlərini qonaqpərvər Özbəkistan torpağında bir daha ürəkdən salamlamaqdan çox məmnunam.

Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri mübaliğəsiz tarixi əhəmiyyət daşıyır. Biz bu barədə bu gün dəfələrlə danışdıq, çünki imzaladığımız bütün sənədlər, razılaşdığımız bütün məsələlər ikitərəfli əməkdaşlıq üçün tarixi hadisələrdir. Bu gün biz Əbədi dostluq haqqında Müqavilə imzaladıq. Təsəvvür edirsinizmi, regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələr artıq nə qədər yüksək səviyyəyə çatıb. Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir.

Əziz dostlar, biz Özbəkistanda qardaş Azərbaycanın hər bir uğuruna, onun davamlı iqtisadi inkişafına və artan beynəlxalq nüfuzuna həmişə səmimi-qəlbdən sevinirik. İlham Heydər oğlunun siyasi kursunun məqsədyönlülüyünü xüsusilə qeyd etmək istərdim. Bu kurs sayəsində ölkənin bütövlüyünü bərpa etmək, çoxdan gözlənilən sülhə və sabitliyə nail olmaq mümkün olub. Qədim Qarabağ torpağı yenidən dirçəlir. Burada sosial infrastruktur fəal şəkildə qurulur, iş yerləri və müəssisələr yaradılır. İnsanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir. Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətdir. Münasibətlərimizin təməlində vahid sivilizasiya kodu, ümumi tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr dayanır. Məhz bu dərin bağlılıq münasibətlərimizi monolit və xarici konyunkturun təsirinə qarşı dayanıqlı edir.

Hörmətli jurnalistlər, hazırkı sammitdən əvvəl ciddi hazırlıq işləri aparılıb. Hökumətlərarası Komissiyanın, biznes şurasının və regional forumların iclasları məhsuldar keçib. Dövlət səfərinin əsas tədbiri olan Ali Dövlətlərarası Şuranın üçüncü iclasını indicə keçirdik, çox mühüm qərarlar qəbul etdik, çoxşaxəli münasibətlərimizin bütün spektrini ətraflı müzakirə etdik, nümayəndə heyətlərinin üzvlərinin əsas istiqamətlər üzrə məruzələrini dinlədik. İlk növbədə, söhbət ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, mədəniyyət və digər sahələrdən gedir. Siyasi dialoqu gücləndirmək, parlamentlər və hökumətlər, sənaye qurumları və regionlar arasında fəal əlaqələri dəstəkləmək barədə razılığa gəldik. İqtisadiyyat məsələlərinə xüsusi diqqət yetirdik, əmtəə dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq imkanlarını müzakirə etdik. Lakin biz razılaşdıq ki, bu, son hədd deyil, bunu dəfələrlə artırmaq mümkündür.

Biz bunu edəcəyik. Komandalarımızın bütün hesablamaları, resursları və səlahiyyətləri var. Bu mühüm göstəriciyə nail olmaq üçün konkret tədbirləri nəzərdə tutan müvafiq proqram bu gün qəbul edilib. Həmçinin sənaye kooperasiyasının yeni inkişaf istiqamətlərini müəyyən etdik, ilk növbədə iqtisadiyyatlarımızın bir-birini qarşılıqlı şəkildə tamamladığı sahələrdə. Bu səfərə qədər energetika, geologiya, kimya, tikinti, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə kooperasiya layihələrindən ibarət əhatəli layihələr portfeli formalaşdırılıb.

Bir neçə il əvvəl yaradılmış investisiya fondu bu layihələrin irəlilədilməsində mühüm rol oynayır və qısa müddət ərzində birgə biznes təşəbbüslərimizin dəstəklənməsinin səmərəli mexanizminə çevrilib. Həmçinin regionlarımızın imkanlarından maksimum istifadə etmək barədə razılığa gəldik. Məhz regionlar iqtisadi-ticari tərəfdaşlığın genişləndirilməsinin əsas hərəkətverici qüvvəsidir. Bu məqsədlə cari ayda Daşkənd şəhərinin, Buxara və Namanqan vilayətlərinin hakimləri Azərbaycana səfər ediblər. Bu gün isə onlar buradadırlar. Səmimi demək istəyirəm ki, onlar mənə gördükləri işlər barədə danışırlar. İlham Heydər oğlu, mənə çox xoşdur ki, onların real nəticələri var.

Əməkdaşlığın daha bir mühüm istiqaməti nəqliyyat-tranzit sahəsidir. Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirəcək, logistika infrastrukturunun səmərəliliyini artıracaq, daşımaları stimullaşdıracağıq. Bunun üçün Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işi fəallaşdıracağıq.

Xalqlarımız arasında etibarlı dostluq körpüsü rolunu sıx mədəni-humanitar əlaqələrimiz oynayır. İlham Heydər oğlu ilə birlikdə Nizami Gəncəvi adına Pedaqoji Universitetin yeni binasını açacağıq.

Bilirsiniz, mən bunu çoxdan planlaşdırırdım, çünki universitet 1935-ci ildə tikilib, lakin Daşkənd şəhərindəki universitet müxtəlif yerlərdə yerləşib və bu günün müasir səviyyəsinə uyğun gəlmirdi. Mən təməl daşı qoyarkən ümid edirdim ki, bunu mütləq İlham Heydər oğlu ilə birlikdə açacağıq və bu gün həmin tarixi hadisə həyata keçiriləcək. "Yeni Daşkənd"də Azərbaycan parkının tikintisinə start verəcəyik. Əminəm ki, bu obyektlər sarsılmaz qardaşlığımızın və xalqlarımızın yaxınlığının parlaq rəmzlərinə çevriləcək.

Qarşılıqlı humanitar əlaqələrimiz çox dinamik qrafik üzrə inkişaf edir. İlin sonunadək Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərini və Azərbaycanda ali məktəb rektorlarının İkinci Forumunu keçirəcəyik. Əlamətdar hadisə Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinə həsr olunmuş birgə bədii filmin yaradılması olacaq. Biz İlham Heydər oğlu ilə bu barədə razılığa gəlmişik.

İctimaiyyət və gənclər arasında əlaqələri hər vasitə ilə dəstəkləyəcək, ünsiyyət, yaradıcılıq və innovativ ideyaların mübadiləsi üçün məkanlar yaradacağıq.

Bildiyiniz kimi, FIFA-nın qərarına əsasən, gələn il Özbəkistan və Azərbaycan gənclər arasında futbol üzrə dünya çempionatına birlikdə ev sahibliyi edəcəklər – bu, əhəmiyyətinə və nüfuzuna görə dünyada ikinci turnirdir. Bu möhtəşəm idman hadisəsi çərçivəsində ölkələrimiz "İki ölkə – bir çempionat" adlı genişmiqyaslı dövlət proqramının həyata keçirilməsini təklif edib.

Sonda vurğulamaq istəyirəm ki, Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq artıq ikitərəfli gündəlik çərçivəsindən xeyli kənara çıxıb. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması ilə bağlı tarixi qərar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid etimad, mehriban qonşuluq və qarşılıqlı bağlılıq məkanının formalaşdırılması istiqamətində mühüm addım oldu. Biz BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər strukturlar çərçivəsində əsas beynəlxalq platformalarda müttəfiqlik dialoqunu gücləndirərək diplomatik fəaliyyətimizi ardıcıl şəkildə əlaqələndiririk.

Əziz dostlar, həyatın özü və müzakirələrimizin dərinliyi Özbəkistan-Azərbaycan praktiki əməkdaşlıq gündəliyinin nə qədər geniş vüsət aldığını və heyrətamiz dinamika qazandığını nümayiş etdirir.

Bu gün keçirilən məhsuldar danışıqların yekunlarına əsasən, qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələri üzrə əhəmiyyətli sazişlər paketini təsdiq etdik. Hörmətli İlham Heydər oğlu, bununla əlaqədar qətiyyətli mövqeyinizə və bütün təkliflərimizi dəstəklədiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm. Əminəm ki, tarixi səfərin nəticələri tərəfdaşlığımızı konkret məzmunla zənginləşdirəcək, birgə layihələr və iki qardaş ölkənin davamlı inkişafı üçün yeni üfüqlər açacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.