Azərbaycandan Mərkəzi Asiyaya: Bakıdan Türkmənbaşıya  uzanan yeni əməkdaşlıq mərhələsi

Azərbaycandan Mərkəzi Asiyaya: Bakıdan Türkmənbaşıya uzanan yeni əməkdaşlıq mərhələsi

09 Oktyabr 2026

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində, “Avaza” Kompleksində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü ölkəmizin region dövlətləri ilə əməkdaşlığının inkişafında mühüm mərhələ oldu. Görüş Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni məzmun qazandığını, siyasi dialoqun iqtisadi, nəqliyyat, energetika və humanitar sahələrdə konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin tədbirdəki çıxışı da bu əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoydu.

Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması əməkdaşlığın coğrafi və siyasi əhatəsinin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən 7-ci Məşvərət görüşündə Azərbaycanın tamhüquqlu iştirakına dair prinsipial qərar qəbul edilib. Bu qərar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha da möhkəmləndirilməsi, vahid əməkdaşlıq məkanının formalaşdırılması üçün yeni imkanlar yaradıb. Prezident İlham Əliyev Türkmənbaşıdakı çıxışında bu qərara yekdilliklə dəstək verdiklərinə görə həmkarlarına təşəkkür edib, xüsusilə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsünü vurğulayıb. Məhz 2025-ci ilin avqustunda Avazada Azərbaycanın formata tamhüquqlu iştirakı məsələsi irəli sürülmüşdü.

Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişafı da regional əməkdaşlığın möhkəm ikitərəfli təməllərə söykəndiyini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən ildən etibarən iki ölkə arasında ən yüksək səviyyədə beş səfər həyata keçirilib. Bu intensiv siyasi dialoq qarşılıqlı etimadın möhkəmlənməsinə və əlaqələrin yeni istiqamətlər üzrə genişlənməsinə xidmət edir.

İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır. Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşa olunması bu baxımdan xüsusi məna daşıyır. Məscidin təməlqoyma mərasimində ötən il Azərbaycan və Türkmənistan nümayəndələrinin birgə iştirakı qardaşlıq münasibətlərinin rəmzi kimi yadda qalıb.

Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi töhfələr də xalqlarımız arasındakı dostluğun əməli ifadəsidir. Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib. Bu layihələr təhsil və mədəniyyət sahələrinə töhfə verməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən quruculuq işlərində regional həmrəyliyin əhəmiyyətini də nümayiş etdirir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri də genişlənməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Bu göstəricilər qarşılıqlı iqtisadi maraqların gücləndiyini və əməkdaşlığın praktiki məzmun qazandığını göstərir.

İqtisadi münasibətlərin daha da dərinləşdirilməsi üçün birgə investisiyaların artırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Prezident İlham Əliyev həmin fondların imkanlarından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayaraq, əməkdaşlığın yalnız ticarət əlaqələrinin genişləndirilməsi ilə məhdudlaşmamalı olduğunu bildirib. Birgə investisiyaların yatırılması, yeni istehsal müəssisələrinin yaradılması və məhsulların xarici bazarlara çıxarılması regional iqtisadi inteqrasiyanı gücləndirə biləcək əsas istiqamətlərdəndir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətini artıran başlıca amillərdəndir. Xəzər dənizi region ölkələrini Azərbaycan vasitəsilə beynəlxalq bazarlarla birləşdirən mühüm nəqliyyat məkanına çevrilir. Son illərdə ölkəmizdə dəniz limanlarının, hava limanlarının, dəmir və avtomobil yollarının inkişafına böyük investisiyalar yatırılıb. Bu infrastruktur imkanlarının genişləndirilməsi yükdaşımaların səmərəliliyinin artırılması və Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrindəki mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Fiziki nəqliyyat bağlantıları ilə yanaşı, rəqəmsal infrastrukturun inkişafı da diqqət mərkəzindədir. “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində görülən işlər regionun rəqəmsal əlaqələrinin gücləndirilməsinə xidmət edir. Bu layihələr nəqliyyat və kommunikasiya imkanlarının paralel inkişafına, regional əməkdaşlığın müasir texnoloji əsaslar üzərində qurulmasına şərait yaradır.

Orta Dəhlizin inkişafı isə bu əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin bildirdiyinə görə, ötən il marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Bu dinamika Orta Dəhlizin beynəlxalq yükdaşımalar sistemində artan əhəmiyyətini göstərir. Marşrutun rəqabət qabiliyyətinin yüksəldilməsi, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və logistika proseslərinin səmərəliliyinin artırılması Azərbaycanla Mərkəzi Asiya ölkələrinin qarşılıqlı iqtisadi maraqlarına xidmət edir.

Energetika sahəsində əməkdaşlıq da regional tərəfdaşlığın əsas sütunlarından biridir. Azərbaycan Mərkəzi Asiyadan beynəlxalq bazarlara enerji resurslarının nəqlində mühüm tranzit rolunu oynayır. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəql edilməsi Xəzəryanı ölkələr arasında enerji əlaqələrinin inkişafına töhfə verir.

Bununla yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi yeni perspektivlər açır. Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində iş aparır. Bu təşəbbüs regionun bərpaolunan enerji potensialından daha səmərəli istifadə edilməsi və gələcəkdə enerji bağlantılarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Yaşıl enerji sahəsində birgə fəaliyyət iqtisadi əməkdaşlıqla yanaşı, ekoloji dayanıqlılıq məqsədlərinə də xidmət edir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də regional əməkdaşlığın yalnız iqtisadi və infrastruktur layihələri ilə məhdudlaşmadığının vurğulanmasıdır. Dövlət başçısı sülhün, təhlükəsizliyin, siyasi və iqtisadi sabitliyin bütün nailiyyətlərin təməli olduğunu bildirib. Həqiqətən də, ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsi, sabitliyin qorunması və ortaq maraqlar əsasında fəaliyyət göstərilməsi uzunmüddətli inkişafın əsas şərtləridir.

Türkmənbaşı görüşünün yekununda “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar” imzalanıb. Bu sənədlər Azərbaycanın tamhüquqlu iştirakı ilə genişlənən formatda əməkdaşlığın təşkilati əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Görüşdə Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatına sədrlik edəcəyinin açıqlanması ölkəmizin regional əməkdaşlıqda artan rolunu bir daha nümayiş etdirir. Azərbaycanın sədrliyi qarşılıqlı siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və energetika sahələrində birgə təşəbbüslərin inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradır.

Beləliklə, Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Siyasi dialoqun güclənməsi, iqtisadi əlaqələrin genişlənməsi, Orta Dəhlizin inkişafı, enerji əməkdaşlığı və humanitar layihələr bu tərəfdaşlığın çoxşaxəli xarakterini müəyyənləşdirir. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və beynəlxalq iqtisadi əlaqələri region ölkələrinin ortaq məqsədlərinə çatması üçün mühüm imkanlar yaradır.

Bu əməkdaşlığın gələcək uğuru mövcud təşəbbüslərin ardıcıl həyata keçirilməsindən, qarşılıqlı investisiyaların artırılmasından və regional bağlantıların daha da gücləndirilməsindən asılıdır. Türkmənbaşı görüşü isə Azərbaycanla Mərkəzi Asiya ölkələrinin qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli inkişaf məqsədlərinə əsaslanan tərəfdaşlığını möhkəmləndirmək üçün mühüm siyasi zəmin formalaşdırıb.

Canməmməd CANMƏMMƏDOV 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı