DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir

DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir

19 İyun 2026

Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Jurnalda qeyd olunub ki, ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda ortastatistik portreti müəyyənləşdirilib.

Belə ki, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə tədris dili fənnindən test tapşırıqlarının 57.05, riyaziyyatdan 31.38, ingilis dilindən 43.59%-nə, II mərhələdə tədris dilindən 56.75, ədəbiyyatdan 55.18, riyaziyyatdan 28.96, fizikadan 36.27, kimyadan 30.36, biologiyadan 53.66, tarixdən 29.26, informatikadan 37.94, coğrafiyadan 25.99%-inə düzgün cavab verib.

Rus bölməsində ortastatistik abituriyent isə I mərhələdə tədris dili fənnindən test tapşırıqlarının 54.20, riyaziyyatdan 34.08, ingilis dilindən 59.60%-ni, II mərhələdə tədris dilindən 53.36, ədəbiyyatdan 48.41, riyaziyyatdan 29.81, fizikadan 34.39, kimyadan 31.83, biologiyadan 47.92, tarixdən 24.36, informatikadan 34.06, coğrafiyadan 23.01% ni düzgün cavablandırıb.

Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 23-60 faizinə düzgün cavab verib. Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.

Odur ki bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır.