“Əsrin güzgüsü: Naxçıvan Teleradiosu” kitabının təqdimat mərasimi keçirilib -

“Əsrin güzgüsü: Naxçıvan Teleradiosu” kitabının təqdimat mərasimi keçirilib - FOTO

10 İyul 2026

Naxçıvanda televiziya və radio tarixinin öyrənilməsi, milli media irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyan “Əsrin güzgüsü: Naxçıvan Teleradiosu” kitabının təqdimatı keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Tədbirdə çıxış edənlər uzun illər Naxçıvan televiziyasında fəaliyyət göstərmiş televiziya rejissoru, Prezidentin fəxri diplomçusu, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi nəşrin müəllifi Faiq Musayevin yarım əsrdən artıq televiziya fəaliyyətini və Naxçıvan teleradiosunun keçdiyi inkişaf yolunun araşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, kitab televiziya tarixini əks etdirməklə yanaşı, bu sahədə çalışan yaradıcı və texniki heyətin əməyini gələcək nəsillərə çatdıran dəyərli tarixi mənbədir.

Qeyd olunub ki, nəşrdə Naxçıvan radiosunun 94, Naxçıvan televiziyasının isə 63 illik inkişaf mərhələləri, ilk yaradıcı kollektivin fəaliyyəti, televiziya salnaməsində iz qoymuş şəxslərin həyat və yaradıcılığı, arxiv materialları, nadir fotolar və xatirələr geniş yer alıb. Müəllifin şəxsi arxivindən istifadə olunmaqla televiziya tarixinin müxtəlif dövrlərinə işıq salan maraqlı faktlar da oxuculara təqdim edilib.

Çıxışlarda vurğulanıb ki, “Əsrin güzgüsü: Naxçıvan Teleradiosu” media sahəsində çalışanlar, tədqiqatçılar, Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr və televiziya tarixi ilə maraqlanan oxucular üçün dəyərli mənbə olmaqla yanaşı, milli televiziya irsinin qorunmasına da mühüm töhfə verəcək.

Sonda müəllif Faiq Musayev kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib. Qeyd edib ki, nəşrin əsas məqsədi Naxçıvan teleradiosunun şərəfli tarixini və bu sahənin inkişafında olan insanların xatirəsini yaşatmaq, onların fəaliyyətini gələcək nəsillərə çatdırmaqdır.