Yayda qida zəhərlənməsindən necə qorunmalı? - Mütəxəssisdən vacib tövsiyələr

Yayda qida zəhərlənməsindən necə qorunmalı? - Mütəxəssisdən vacib tövsiyələr

10 İyul 2026

Yay aylarında havanın temperaturunun yüksəlməsi qidaların daha tez xarab olmasına və qida zəhərlənməsi riskinin artmasına səbəb olur. İsti hava mikroorqanizmlərin, xüsusilə bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır. 

Buna görə də həm çiy, həm də bişmiş qidaların düzgün saxlanılması, hazırlanması və istehlakı zamanı qida təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır.

Mövzu ilə bağlı "NAXÇIVANXƏBƏRLƏRİ"-nə danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, yay aylarında yüksək risk qrupuna daxil olan qidalar xüsusi diqqət tələb edir.

Sağlam qidalanma mütəxəssisi bildirib ki, zülalla zəngin olduğu üçün ət, toyuq, balıq, süd və süd məhsulları isti havada daha tez xarab olur və düzgün saxlanılmadıqda qida zəhərlənməsinə səbəb ola bilər. Buna görə də bu məhsullar soyuducuda uyğun temperaturda saxlanılmalı, tam bişirilməli, çiy məhsullarla bişmiş qidaların təmasına isə yol verilməməlidir.

Mütəxəssis qeyd edib ki, yemək hazırlanarkən istifadə olunan bıçaq, doğrama taxtası və digər mətbəx ləvazimatlarının təmiz saxlanılması da böyük əhəmiyyət daşıyır. Çiy ət və ya toyuq üçün istifadə olunan ləvazimatlar yuyulmadan digər qidalar üçün istifadə edilərsə, bakteriyalar sağlam qidalara keçərək zəhərlənmə riski yarada bilər.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri yay aylarında süd və süd məhsulları, eləcə də yumurta və yumurtadan hazırlanan qidalar daha yüksək risk qrupuna daxil olduğunu vurğulayıb:

"Süd, qatıq, pendir, kəsmik kimi məhsullar, həmçinin çiy və ya tam bişməmiş yumurta, yumurtalı souslar, mayonez, kremlər və çiy yumurtadan hazırlanan bəzi desertlər isti havada daha tez xarab olur. Bu səbəbdən həmin məhsullar yalnız təzə hazırlanmış halda istehlak edilməli, soyuq zəncir qaydalarına uyğun saxlanılmalı və otaq temperaturunda uzun müddət gözlədilməməlidir".

Müsahib meyvə və tərəvəzlərin istifadəsi zamanı da diqqətli olmağı tövsiyə edib:

"İstehlakçılar məhsulların mövsümi və yerli olmasına üstünlük verməli, alış zamanı isə mənşəyi məlum olan satış məntəqələri seçilməlidir. Meyvə və tərəvəzlər istifadə edilməzdən əvvəl mütləq yaxşı yuyulmalıdır. Əks halda qabıq üzərində olan mikroorqanizmlər məhsul kəsildikdə iç hissəyə keçə bilər. Bu isə xüsusilə meyvə salatları, smuzilər və müxtəlif meyvələrin birlikdə istifadə olunduğu qidalarda bakteriyaların sürətlə çoxalmasına və qida zəhərlənməsinə səbəb ola bilər".

Məhsəti Hüseynova bildirib ki, qida zəhərlənməsi təkcə keyfiyyətsiz məhsullardan yaranmır. Düzgün saxlanılmayan keyfiyyətli qida məhsulları da bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır və sağlamlıq üçün ciddi təhlükə yarada bilir.

Müsahibin sözlərinə görə, bişirilmiş yeməklərin saxlanılma müddətinə də diqqət yetirilməlidir. Qış aylarında bəzi hallarda bişmiş qidanı otaq temperaturunda iki saata qədər saxlamaq mümkün olsa da, yay mövsümündə bu müddət təxminən otuz dəqiqəyə qədər azalır. İmkan olduqda yeməklər daha qısa müddətdə soyuducuya yerləşdirilməlidir. Qidaların saxlanılması üçün qapağı kip bağlanan şüşə və ya qida məhsullarının saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qablardan istifadə edilməsi daha məqsədəuyğundur.

"Qida zəhərlənməsinə qarşı ən həssas qruplar uşaqlar, yaşlılar, hamilə qadınlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər və immun sistemi zəif olan şəxslərdir. Bu səbəbdən həmin şəxslər yay aylarında qida seçimi, saxlanılması və hazırlanması zamanı daha diqqətli olmalı, şübhəli görünən və ya saxlanılma şəraiti məlum olmayan məhsulların istehlakından çəkinməlidirlər", – deyə mütəxəssis bildirib.

Müsahibəni hazırladı:

Nəzrin Umay