Məhkəməyə müraciət hüququ məhdudlaşdırıla bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Fiziki və hüquqi şəxslərin müdafiə üçün məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırıla bilərmi?
Cavab: Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.
Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər.
Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








