Məktəblərdə yaşayan irs – Naxçıvan aşıq sənətinin nəsildən-nəslə ötürülməsi

Məktəblərdə yaşayan irs – Naxçıvan aşıq sənətinin nəsildən-nəslə ötürülməsi

17 Sentyabr 2026

Azərbaycan xalqının minilliklər boyu formalaşdırdığı zəngin mədəni irs içərisində milli musiqimiz və aşıq sənəti xüsusi və əvəzsiz yer tutur. Sazın köksündən süzülən hər bir hava, aşığın dilindən səslənən hər bir söz xalqımızın tarixini, mənəvi dünyasını, sevincini, kədərini və milli yaddaşını özündə yaşadır. Bu baxımdan milli musiqimiz yalnız sənət nümunəsi deyil, nəsilləri bir-birinə bağlayan müqəddəs mənəvi körpüdür.

Naxçıvanın qədim və zəngin mədəniyyət mühiti bu irsin qorunub yaşadılmasında mühüm rol oynayır. Əsrlərdən süzülüb gələn folklor ənənələri, aşıq sənəti və xalq musiqisi bu gün də öz canlılığını qoruyur. Bu qiymətli irsin gələcək nəsillərə çatdırılmasında isə musiqi məktəblərinin üzərinə böyük və şərəfli missiya düşür.

Musiqi məktəbi yalnız musiqi savadının verildiyi bir təhsil ocağı deyil. Bura milli ruhun, sənət sevgisinin və mənəvi dəyərlərin formalaşdığı müqəddəs məkandır. Burada hər bir şagird öyrəndiyi musiqi əsəri ilə yanaşı, xalqının sənət tarixini, milli musiqisinin incəliklərini və öz köklərinə bağlılığın əhəmiyyətini dərk edir.

Bu gün biz musiqi məktəblərində milli musiqimizin zəngin ənənələrini qorumağa, yaşatmağa və gələcək nəsillərə ötürməyə çalışırıq. Məqsədimiz yalnız şagirdlərə musiqi alətlərində ifa etməyi öyrətmək deyil. Əsas məqsədimiz onların qəlbində milli musiqimizə, xalq yaradıcılığına və qədim mədəni irsimizə sonsuz sevgi yaratmaqdır. Çünki bu gün şagirdə öyrədilən hər bir musiqi nümunəsi sabah xalqımızın mədəni yaddaşında yaşamağa davam edəcək.

Bu baxımdan Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində təhsil alan şagirdlərin fəaliyyəti xüsusi qürur doğurur. Bu məktəbin istedadlı və zəhmətsevər şagirdləri milli musiqimizin incilərini böyük həvəs, sevgi və məsuliyyət hissi ilə öyrənirlər. Onların sənətə olan bağlılığı, milli musiqiyə sonsuz marağı və səhnəyə çıxarkən nümayiş etdirdikləri inam bir daha sübut edir ki, milli irsimiz etibarlı əllərdədir.

Heç də təsadüfi deyil ki, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri muxtar respublikada keçirilən müxtəlif müsabiqə və festivallarda yüksək nəticələr göstərərək məktəbin və doğma yurdun adını layiqincə təmsil edirlər. Onların qazandığı hər bir uğur yalnız bir şagirdin və ya bir məktəbin nailiyyəti deyil. Bu uğurlar milli musiqimizin təntənəsi, zəngin mədəni irsimizin yaşadılmasının parlaq göstəricisidir.

Səhnədə səslənən hər bir milli musiqi nümunəsi, ifa olunan hər bir saz havası, şagirdlərin nümayiş etdirdiyi hər bir uğur gələcəyə ünvanlanan bir mesajdır: bizim milli musiqimiz yaşayır, inkişaf edir və yeni nəsillərin sənətində öz yolunu davam etdirir.

Aşıq sənəti  səslənən, öyrənilən və yeni nəsillərin qəlbində yaşadılan mənəvi sərvətdir. Məktəblərimiz isə bu sərvətin qorunduğu, inkişaf etdirildiyi və gələcəyə əmanət edildiyi müqəddəs ocaqlardır.

Bu gün Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin hər bir şagirdi həmin böyük missiyanın kiçik, lakin çox qiymətli daşıyıcısıdır. Onların barmaqları musiqi alətinin simlərinə toxunduqca keçmişin səsləri bu günə gəlir, bu günün sənəti isə sabahın tarixini yazır. Bu gün aşıq sənətinin,milli musiqimizin bütün incəliklərini gələcəyin böyük sənətkarlarına sevərək və qürurla aşılayır,sənətin sirlərini öyrətməyə çalışırıq. Biz bu irsi yalnız qorumaqla kifayətlənmirik. Biz onu yaşadır, sevdirir, inkişaf etdirir və gələcək nəsillərə əmanət edirik.


Məktəblərdə milli musiqimiz səsləndikcə, milli ruhumuz və mənəvi irsimiz əbədi yaşayacaq!

Zeynəb YUSİFOVA