“Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilib

“Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilib - FOTO

18 Sentyabr 2026

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Naxçıvan Muxtar Respublikası üzrə regional koordinatorluğunun və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə tərəfdaşlığı ilə “Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib. Naxçıvan Dövlət Milli Dram 

Teatrında keçirilən tədbirdə əvvəlcə qonaqlar muxtar respublikadan olan sahibkar və 25 istedadlı qadının əl işləri və istehsal etdikləri məhsulların təqdim olunduğu sərgi-satışla tanış olublar. Sərgi-satış qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra forumun açılış hissəsi baş tutub.  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin əsas istiqamətlərindən biri ölkədə dayanıqlı iqtisadi artımın təmin edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və özəl sektorun inkişafı üçün əlverişli mühitin daha da təkmilləşdirilməsidir. Bu siyasət Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Sahibkar-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsi, sahibkarların maliyyə və digər resurslara çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Sevindirici haldır ki, görülən işlər artıq konkret iqtisadi nəticələrdə də özünü göstərir.Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva  qeyd edib ki, qadın sahibkarlığını yalnız biznes fəaliyyəti kimi deyil, həm də sosial, mədəni və strateji inkişafın mühüm tərkib hissəsi kimi görürük. Bu gün Naxçıvanda keçirilən forumun əhəmiyyəti də məhz bundadır: qadın sahibkarların təcrübəsini, ehtiyaclarını və ideyalarını bir araya gətirmək, onların inkişafına mane olan məsələləri açıq müzakirə etmək və əməkdaşlıq üçün yeni yollar müəyyənləşdirmək. İnanıram ki, bu müzakirələr yeni əlaqələrin, birgə təşəbbüslərin və konkret fəaliyyətlərin başlanğıcına çevriləcək.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında qadınlara göstərilən hərtərəfli qayğı onların müxtəlif sahələrdə uğurla fəaliyyət göstərməsinə, özünüməşğulluq imkanlarının genişlənməsinə və sahibkarlıq fəaliyyətinə daha fəal qoşulmasına zəmin yaradır. Bu gün qadınlarımız cəmiyyətin müxtəlif sahələrində kişilərlə bərabər uğurla fəaliyyət göstərir, dövlətimizin inkişafına mühüm töhfələr verirlər. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri çərçivəsində qadınların dayanıqlı inkişafı, xüsusilə də kənd yerlərində yaşayan qadınların özünüməşğulluğunun təmin olunması, onların iqtisadi fəallığının artırılması və gəlir əldə etmək imkanlarının genişləndirilməsi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə daim dəstək göstərilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər qadınların əmək bazarında və sahibkarlıq fəaliyyətində daha fəal iştirakına şərait yaratmaqla yanaşı, onların ailə büdcəsinə töhfəsini artırır və nəticə etibarilə Naxçıvanın sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov çıxış edərək bildirib ki, son illər Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli biznes mühiti və dövlət dəstəyi mexanizmləri qadın sahibkarların da qarşısında yeni imkanlar açır. Qadın sahibkarın biznesə başlaması qədər, onun dayanıqlığı və böyüməsi də vacibdir. Bu mərhələdə maliyyə resurslarına çıxış, güzəştli maliyyələşmə, müasir biznes bilikləri, rəqəmsal texnologiyalar, marketinq, peşəkar idarəetmə, ixrac imkanları və yeni bazarlara çıxış xüsusi əhəmiyyət daşıyır. 

Naxçıvan Sahibkarlar Konfederasiyası olaraq biz qadın sahibkarların yanında olmağa, onların təşəbbüslərinin dəstəklənməsinə, dövlət-biznes dialoqunun gücləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına öz töhfəmizi verməyə hazırıq. Forum çərçivəsində Komitə tərəfindən sahibkarlığın inkişafına verdikləri töhfəyə və səmərəli fəaliyyətlərinə görə qadın sahibkarlara plaketlər və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən isə muxtar respublikada fəaliyyət göstərən tərəfdaş təşkilata  təşəkkürnamə verilib. 

Forum “Qadın sahibkarlığının inkişafında dövlət dəstəyi və yeni imkanlar” və “İnnovasiya və dayanıqlı inkişaf: Aqrobiznes və rəqəmsal sahibkarlıqda gənclərin rolu” mövzularında panel müzakirələri ilə davam etdirilib. Panel müzakirələrində sahibkarlığın inkişafı, bu sahədə atılan və atılacaq addımlarla bağlı maraqlı çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova forumun yekununda çıxış edərək iştirakçılara təşəkkürünü bildirib. Tədbirin bədii hissəsində musiqiçilər və balaca fidanların iştirakı ilə hazırlanan musiqi nömrələri təqdim olunub. Daha sonra müxtəlif mövzularda görüşlər və təlimlər təşkil edilib. Belə ki, Naxçıvan Dövlət Universitetində “Gələcəyin biznesi: rəqəmsal inqilab”, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində “Yaşıl gələcək: aqrobiznes, iqlim və dayanıqlı inkişaf” mövzularında görüşlər, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə “Biznesdən daha çoxu: sosial təsirdən davamlı dəyərə” mövzusunda təlimlər keçirilib.