Məleykə Abbaszadə: Bu il ali təhsil müəssisələrinə plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir

Məleykə Abbaszadə: Bu il ali təhsil müəssisələrinə plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir

06 May 2026

Bu il ali təhsil müəssisələrinə plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Asan tv"nin efirində deyib.

Onun sözlərinə görə, plan yerləri hələ ki tam dəqiq deyil:

"Ötən il 60 minə yaxın plan yerinin 28 mini dövlət sifarişli idi. Lakin bu il ali təhsil müəssisələri üzrə plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir".

DİM sədri qeyd edib ki, abituriyentlər əsasən populyar ixtisasları seçirlər:

"Bir məqamı da qeyd edim ki, informasiya texnologiyaları sahəsinə kifayət qədər sənəd verən var. Lakin sənəd verənlərin bir qismi birinci mərhələdə riyaziyyatdan yaxşı nəticə toplamayıb. Yəqin ki, I qrupdakı plan yerlərinin çoxluğuna görə bu qrupa sənəd verirlər. İxtisas seçimi zamanı bugünkü yox, 5 il sonrakı əmək bazarını da təhlil etmək lazımdır".