“Nakhchivan Global Youth Forum 2026” beynəlxalq forumu keçirilib -

“Nakhchivan Global Youth Forum 2026” beynəlxalq forumu keçirilib - FOTO

09 May 2026

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikasının Gənclər Fondunun, Naxçıvan Dövlət Universitetinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Nakhchivan Global Youth Forum 2026” adlı beynəlxalq forum keçirilib. Naxçıvanda təhsil alan yerli və əcnəbi gənclərin iştirakı ilə baş tutan forum, ümumilikdə, 200 nəfəri əhatə edib. Forumun əsas məqsədi gənclərin qlobal çağırışlar, innovativ yanaşmalar və müasir inkişaf istiqamətləri üzrə bilik və bacarıqlarının artırılması, onların müasir dünyada baş verən transformasiya proseslərinə daha fəal inteqrasiyasına təşviq edilməsi olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, forumun rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov gənclərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib, beynəlxalq əməkdaşlıq və tələbə təşəbbüskarlığının müasir dövrdə xüsusi önəm daşıdığını vurğulayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov çıxışında forumun gənclər arasında dialoq, fikir mübadiləsi və yeni əməkdaşlıq platformalarının formalaşdırılması baxımından mühüm rol oynadığını qeyd edib. Bildirib ki, qlobal düşüncəyə malik, innovativ və təşəbbüskar gənclərin yetişdirilməsi müasir dövrün əsas prioritetlərindən biridir.

Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialının direktoru Arzu Qasımov isə çıxışında dövlət gənclər siyasəti çərçivəsində həyata keçirilən layihələrdən danışaraq, gənclərin ictimai fəallığının və fərdi inkişafının dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra forum “İştirakdan Təsirə: Gənclər Siyasətində Yeni Yanaşmalar” adlı ilk panel sessiyası ilə davam edib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalovun moderatorluğu ilə keçirilən paneldə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Hüquq siyasəti komitəsinin sədr müavini Əziz Qasımov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Surxay Rzayev və Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialının direktoru Arzu Qasımov çıxış ediblər. Panel çərçivəsində gənclərin qərarvermə proseslərində iştirakı, liderlik bacarıqlarının inkişaf etdirilməsi, dövlət-gənclər əməkdaşlığının gücləndirilməsi və müasir gənclər siyasətində innovativ yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, gənclərin ictimai və sosial proseslərdə fəal iştirakı dayanıqlı inkişafın əsas amillərindən biridir.

Forum çərçivəsində təşkil olunan musiqi fasiləsində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin “İrs” muğam ansamblının çıxışı və “Bəzmi-cahan” rəqs qrupunun təqdim etdiyi “Uzundərə” rəqsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra “Gələcəyin peşələri: Süni İntellekt Dövründə Gənclərin Rolu” adlı ikinci panel sessiyası keçirilib. Fidan İsmayılovanın moderatorluğu ilə baş tutan paneldə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının Rəqəmsal inkişaf və innovasiya şöbəsinin Rəqəmsal innovasiyalar və süni intellekt sektorunun baş məsləhətçisi Kənan Hüseynəliyev, Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktor müavini Təbrizə Bağırova və “Ləzzət” Şirkətlər Qrupunun nümayəndəsi Elvin Əliyev çıxış ediblər. Panel zamanı süni intellektin əmək bazarına təsiri, gələcəyin peşələri, rəqəmsal transformasiya, innovasiya və gənclərin rəqabətqabiliyyətli bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Spikerlər müasir dövrdə rəqəmsal bilik və bacarıqların əhəmiyyətinin artdığını vurğulayaraq, gənclərin dəyişən əmək bazarına uyğunlaşmasının vacibliyini qeyd ediblər.