“Şərqin qapısı” festivalında teatr marketinqi müzakirə olunub -

“Şərqin qapısı” festivalında teatr marketinqi müzakirə olunub - FOTO

09 May 2026

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən təşkil olunan “Şərqin qapısı” teatr festivalı çərçivəsində ustad dərsləri və panel görüşlər festival proqramına uyğun olaraq uğurla davam edir.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, festival iştirakçıları üçün iqtisadiyyat üzrə marketinq mütəxəssisi Təhmasib Quluzadə tərəfindən “Teatr marketinqi – XXI əsr” mövzusunda panel görüş təşkil olunub.

Panel görüşündə müasir dövrdə teatrın marketinq strategiyaları, tamaşaçı auditoriyasının formalaşdırılması, rəqəmsal platformalarda teatrın təbliği, sosial media alətlərinin effektiv istifadəsi və teatr sənətinin brendləşdirilməsi istiqamətində mühüm məqamlar müzakirə edilib.

Tədbirdə festival iştirakçıları, teatr nümayəndələri, tələbələr və sənətsevərlər iştirak edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar. İnteraktiv formada keçirilən görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrlə yadda qalıb.

Qeyd edək ki, “Şərqin qapısı” teatr festivalı çərçivəsində təşkil olunan ustad dərsləri, panel görüşlər və yaradıcı müzakirələr teatr sənətinin inkişafı, peşəkar təcrübə mübadiləsi və yaradıcı əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.