Naxçıvan voleybolçuları tarixi nəticə qazandı -

Naxçıvan voleybolçuları tarixi nəticə qazandı - FOTO

02 İyun 2025

Bakı şəhərində keçirilən 14, 16 və 18 yaşadək oğlan və qız voleybolçular arasında Azərbaycan birinciliklərində Naxçıvan Muxtar Respublikasının təmsilçiləri tarixi uğura imza atıblar. Yarışlarda muxtar respublika 3 qız və 2 oğlan komandası ilə təmsil olunub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, oğlanlardan ibarət “Naxçıvan – U14” və “Naxçıvan – U18” komandalarının üçüncü yerə çıxmasından sonra uğurlu gedişatı bu gün 16 yaşadək qızlardan ibarət “Möminə Xatun” komandası zirvəyə daşıyıb.

Mayın 31-dən etibarən yarışa qoşulan “Möminə Xatun” komandası ilk mərhələdə “İlkin VK” və “Abşeron” komandalarına qarşı 2:1 hesablı qələbə qazanıb, sonra isə “Zəfər”-dən 2:0 hesabı ilə üstün olub. Yarımfinalda “Bakı” komandası üzərində 3:0 hesablı inamlı qələbə final yolunu açıb. Finalda ölkənin aparıcı klublarından olan “Azərreyl” ilə qarşılaşan “Möminə Xatun” böyük əzmkarlıq nümayiş etdirib. Gərgin və maraqlı keçən qarşılaşmada setlər 2:2 hesabı ilə başa çatdığından, qalib tay-breykdə müəyyən olunub. Həlledici seti üstün başa vuran Naxçıvan təmsilçisi Azərbaycan çempionatının qalibi olub.

Qeyd edək ki, bu nəticə ilə ilk dəfə olaraq muxtar respublikanı təmsil edən bir voleybol komandası Azərbaycan çempionu adını qazanıb.