Naxçıvanda 310 müəllim sertifikatlaşdırmaya cəlb olunacaq

Naxçıvanda 310 müəllim sertifikatlaşdırmaya cəlb olunacaq

01 İyun 2026

Naxçıvan Muxtar Respublikasında bu ay keçiriləcək sertifikatlaşdırma prosesində 310 müəllim iştirak edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, bunu “Azərbaycan müəllimi”nə Naxçıvan MR-in Təhsil Nazirliyi Aparatının şöbə müdiri Məmməd Bayramov deyib.

O bildirib ki, ölkə üzrə olduğu kimi, Naxçıvanda da təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 17–25 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur.

“İlk dəfə sertifikasiyaya cəlb ediləcək 279 təhsilverən üçün imtahanlar bir neçə mərhələdə təşkil olunacaq. Belə ki, 17 iyunda alman dili, Azərbaycan dili və ədəbiyyat, fransız dili və rus dili, 18 iyun tarixində biologiya, fizika, kimya, musiqi və təsviri incəsənət fənləri üzrə sertifikatlaşdırma keçiriləcək.

24 iyunda çoğrafiya, informatika, riyaziyyat və tarix, 25 iyunda isə fiziki tərbiyə, ibtidai sinif, ingilis dili və texnologiya fənləri üzrə müəllimlər sertifikatlaşdırma imtahanına qatılacaqlar.

Təkrar sertifikatlaşdırma prosesinə isə ümumilikdə 31 təhsilverən cəlb olunacaq. Bu kateqoriya üzrə imtahanlar 19 iyun tarixində alman dili, Azərbaycan dili, biologiya, fizika, kimya və rus dili, 23 iyun tarixində isə çoğrafiya, ibtidai sinif, informatika, ingilis dili və riyaziyyat fənləri üzrə təşkil ediləcək”.

Şöbə müdiri qeyd edib ki, sertifikatlaşdırma prosesinin şəffaf, obyektiv və mütəşəkkil şəkildə keçirilməsi məqsədilə bütün zəruri təşkilati tədbirlər həyata keçirilir. İmtahanların yeni yaradılan Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində keçirilməsi planlaşdırılır.