Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü keçirilib -

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü keçirilib - FOTO

01 İyun 2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum valideynlərlə onların uşaqlarının görüşü təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov çıxış edərək uşaqları bayram münasibətilə təbrik ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət uşaq siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bayram proqramı çərçivəsində uşaqlar üçün kloun şousu təqdim olunub, müxtəlif əyləncəli oyunlar təşkil edilib, musiqi nömrələri səsləndirilib. Tədbirin əsas iştirakçıları olan uşaqlar xoş və unudulmaz anlar yaşayıblar.

Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.

Tədbirin keçirilməsində əsas məqsəd məhkum valideynlərlə uşaqlar arasında ailə bağlarının möhkəmləndirilməsi, uşaqlara bayram sevinci yaşadılması və onların mənəvi-psixoloji dəstəklənməsinə töhfə vermək olub.