Naxçıvanda Beynəlxalq İKT-də Qızlar Günü qeyd edilib - FOTO
Aprelin 23-də Naxçıvan Qızlar Liseyində Akademik Zərifə Əliyevanın anım günü və Beynəlxalq İKT-də Qızlar Günü münasibətilə “Texnologiyada qızların gücü” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi qızların elmə, innovasiyaya, rəqəmsal bacarıqlara və gələcəyin peşələrinə marağının artırılması, onların texnologiya sahəsində daha fəal iştirakının təşviq edilməsi olub.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbirin açılışında çıxış edən məktəbin direktoru İlahə Fərəcova bildirib ki, tədbirin Akademik Zərifə Əliyevanın anım gününə təsadüf etməsi onun elmi irsinin və Azərbaycan qadınının elm sahəsindəki rolunun bir daha xatırlanması baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, Zərifə Əliyevanın həyatı və fəaliyyəti gənc qızlar üçün elmə, bilik və innovasiyaya doğru ilhamverici bir nümunədir. Bununla yanaşı, direktor müasir dövrdə texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini və bu sahədə qızların rolunun getdikcə artdığını da vurğulayıb. O, tədbirin əsas məqsədinin yalnız texnologiyanın təqdim etdiyi imkanları nümayiş etdirmək deyil, eyni zamanda qızların elmə, innovasiyaya və rəqəmsal dünyaya marağını daha da gücləndirmək olduğunu diqqətə çatdırıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal innovasiyalar və süni intellekt sektorunun müdiri Günel Mehnətli və əməkdaşı İnci Həsənova çıxış edərək süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyini, bu sahənin gələcəyin ən perspektivli istiqamətlərindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, qızların bu sahəyə marağının artırılması və onların texnologiya və innovasiya sahəsində fəal iştirakı rəqəmsal gələcəyin formalaşmasında mühüm rol oynayır.
Çıxışlarda qeyd olunub ki, bu gün süni intellekt, proqramlaşdırma, kibertəhlükəsizlik və məlumat analitikası kimi sahələrdə qızların uğurları getdikcə artır və onların öz potensiallarını reallaşdırmaları üçün geniş imkanlar mövcuddur. Eyni zamanda internet mühitində təhlükəsiz davranış qaydaları, şəxsi məlumatların qorunması, kibertəhdidlərdən müdafiə yolları və sosial şəbəkələrdən düzgün istifadə məsələləri diqqətə çatdırılıb. Vurğulanıb ki, rəqəmsal mühitdə uğur qazanmaq üçün yalnız texniki biliklər deyil, həm də məsuliyyətli və təhlükəsiz davranış vacibdir.
Tədbirdə həmin məktəbin məzunları olan Rəqəmsal Könüllülər Qəmzə Rzayeva və Səidə Əliyeva öz təcrübə və fikirlərini bölüşüblər. Onlar texnologiya sahəsində qızların uğur qazanması üçün mövcud imkanlardan, rəqəmsal bacarıqların əhəmiyyətindən və qarşıya çıxan çətinliklərin öhdəsindən gəlmə yollarından danışıblar. Sonda məktəbli qızlara daim öyrənmək, özlərinə inanmaq və gələcəyin peşələrinə cəsarətlə addım atmaq tövsiyə olunub.












