
Naxçıvanda dövlət satınalmaları üzrə təlimlər davam edir - FOTO
Naxçıvan Təlim Mərkəzi dövlət satınalmaları sahəsində peşəkar biliklərin artırılması istiqamətində təlimlərini uğurla davam etdirir. Növbəti təlim İyun ayın 2-də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati binasında baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlimdə bu dəfə Naxçıvan Muxtar Respublikasının rayon icra hakimiyyətlərini təmsil edən əməkdaşlar iştirak edirlər. Ümumilikdə 3 gün davam edəcək təlimə 20 nəfər qatılıb.
Sessiyalar çərçivəsində iştirakçılara dövlət satınalmalarının hüquqi əsasları, satınalma prosedurlarının mərhələləri, şərtlər toplusunun hazırlanması, qiymətləndirmə meyarları, etiraz və şikayət mexanizmləri barədə ətraflı məlumat verilir. Təlimdə real praktiki nümunələr üzərində müzakirələr aparılır, iştirakçılar interaktiv şəkildə prosesə cəlb olunurlar.
Tədbirin əsas məqsədi dövlət qurumlarının əməkdaşlarının satınalma sahəsində bilik və bacarıqlarını artırmaq, tender proseslərində şəffaflıq və effektivliyin təmin olunmasına dəstək verməkdir.
Naxçıvan Təlim Mərkəzi bu kimi təşəbbüslərlə idarəetmədə şəffaflıq, hesabatlılıq və səmərəliliyin gücləndirilməsinə mühüm töhfə verməkdə davam edir.