
Naxçıvanda kənd yollarının əsaslı təmiri yekunlaşıb - FOTO
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında aparılan əsaslı təmir işləri başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində Babək rayonunda uzunluğu 6,2 kilometr olan Nəhəcir–Göynük əsas və 8,7 kilometr uzunluğunda Nəhəcir–Göynük kənddaxili avtomobil yolları tam yenidən qurulub. Təmir zamanı yol yatağı genişləndirilib, yeni yol əsası tikilib, beton su kanalları çəkilib və su keçidləri quraşdırılıb. Avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yola iki qat keyfiyyətli asfalt örtüyü salınıb, həmçinin yol nişanları, siqnal dirəkləri quraşdırılıb, boya və xətlənmə işləri aparılıb.
Dövlət Proqramı çərçivəsində əsaslı təmiri yekunlaşan digər yol isə Culfa rayonunun Gal və Şurud kəndlərini birləşdirən 3,3 kilometr uzunluğunda kənddaxili avtomobil yoludur. Burada da torpaq işləri görülüb, yol əsası yenidən qurulub, su keçidləri və beton su kanalları çəkilib, həmçinin yola bir qat asfalt örtüyü salınıb.
Görülən bu işlər kənd əhalisinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına və regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir.