Naxçıvanda Ümumdünya Ətraf Mühit Günü qeyd olunub

Naxçıvanda Ümumdünya Ətraf Mühit Günü qeyd olunub

05 İyun 2025

İyunun 5-i Ümumdünya Ətraf Mühit Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aksiya keçirilib, ekologiya sahəsində fəaliyyət göstərən könüllülərlə görüş təşkil olunub və fərqlənən gənclər mükafatlandırılıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, günün əvvəlində Uzunoba Su Anbarı ətrafında təmizlik aksiyası təşkil olunub. Könüllülərlə yanaşı, təşkilatçı qurumların əməkdaşları da aksiyada fəal şəkildə iştirak edərək təbiətə qayğı göstərib, ətraf mühitin mühafizəsinə xidmət ediblər.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Yaşıl dünya könüllüləri” könüllü qrupunun üzvləri ilə görüş keçirilib. Tədbirdə çıxış edən nazir Xanlar Mustafayev könüllülərin enerjisi və fədakarlığının ətraf mühitin qorunmasına yönəlmiş maarifləndirmə və təşəbbüslərdə mühüm rol oynadığını vurğulayıb. O, göstərdikləri fəallığa görə təşəkkür edib və gənclərin gələcək layihələrdə də eyni fəallıqla iştirak edəcəyinə inandığını bildirib.

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov könüllülərin müxtəlif istiqamətlərdə, o cümlədən ekologiya sahədəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakını onların sosial məsuliyyəti və vətənpərvərliyinin göstəricisi kimi dəyərləndirib. Könüllülüyün sadəcə fəaliyyət deyil, həm də həyat tərzi olduğunu qeyd edən nazir müavini gənclərə uğurlar arzulayıb.

Sonda “Yaşıl dünya könüllüləri” könüllülük proqramı çərçivəsində fərqlənən gənclərə sertifikat təqdim olunub, və onların iştirakı ilə həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, Ümumdünya Ətraf Mühit Günü hər il 5 iyun tarixində BMT tərəfindən qeyd olunur və məqsədi ekoloji problemlərə diqqət çəkmək və ictimaiyyət arasında ekoloji şüurun formalaşdırılmasıdır.