
Ukraynanın Zərifə Əliyeva adına İrpen Liseyinin nümayəndələri Naxçıvanda səfərdə olublar - FOTO
Ukraynada fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin direktoru Valentina Antonenko, liseyin bir qrup şagirdi və Bakıda yerləşən akademik Zərifə Əliyeva adına Liseyin direktor müavini Aynur Hüseynova Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər çərçivəsində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Heydər Əliyev Muzeyində dahi liderin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.
Qonaqlar həmçinin Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşən akademik Zərifə Əliyeva adına tam orta məktəbdə də olublar. Burada məktəbdə yaradılmış Xatirə Muzeyi ilə tanış olan nümayəndələr, siniflərdə dərs prosesini izləyib, pedaqoji kollektivlə görüşüblər. Görüşdə Valentina Antonenko rəhbərlik etdiyi təhsil ocağının 20 ilə yaxındır akademik Zərifə Əliyevanın adını daşıdığını bildirib. Onun sözlərinə görə, liseydə alimin büstü qoyulub, fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir və liseyin yerləşdiyi küçəyə də Zərifə Əliyevanın adı verilib. Hazırda liseydə 2500-dən çox şagird təhsil alır və bir neçə ildir ki, burada Azərbaycan dili də tədris olunur.
Valentina Antonenko liseyin Ukrayna və Azərbaycan xalqları arasında dostluğun rəmzinə çevrildiyini qeyd edib. O, liseyin 2022-ci ildə hərbi əməliyyatlar zamanı zərər gördüyünü, lakin Azərbaycan Prezidentinin tapşırığı ilə SOCAR Energy Ukrain tərəfindən qısa zamanda bərpa olunduğunu vurğulayaraq Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, həmçinin Bakı şəhərində yerləşən akademik Zərifə Əliyeva adına Liseylə də sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Görüşün sonunda İrpen şəhərindəki Zərifə Əliyeva adına Humanitar Xarici Dillər Liseyindən bəhs edən videoçarx nümayiş etdirilib.
Qonaqlar, səfər proqramı çərçivəsində həmçinin Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ingilis dili təmayüllü gimnaziyada da olublar.