Şərurda uşaqlar üçün bayram şənliyi təşkil olunub -

Şərurda uşaqlar üçün bayram şənliyi təşkil olunub - FOTO

23 May 2026

Mayın 23-də “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar muxtar respublikada keçirilən bayram tədbirlərinin növbətisi Şərur rayonunda keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şərur rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova tədbirdə açılış nitqi ilə çıxış edərək əlamətdar gün münasibətilə uşaqları təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən danışıb, bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında uşaqların rifahı daim diqqət mərkəzində olmuşdur. Dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na uyğun olaraq muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir.

Komitə sədri çıxışında uşaq siyasətinin həyata keçirilməsi, uşaqlara göstərilən qayğı və onların rifahının təmin olunması sahəsində cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu və ardıcıl fəaliyyətini xüsusi vurğulayıb.

Qeyd olunub ki, ölkə başçısının həyata keçirdiyi uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır, həlli istiqamətində tədbirlər görülür.

Muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, şəhid övladları, ümumilikdə isə bütün kateqoriyadan olan uşaqlar dövlət qayğısı ilə əhatə olunur.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda digər sahələrlə yanaşı, uşaqlarla bağlı məsələlərin, xüsusilə təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib.

Həmçinin qeyd olunub ki, uşaqların təhsildən yayınmasının səbəblərinin araşdırılması və onların təhsilə cəlb olunması məqsədilə işçi qrupu yaradılıb.

Sonda Komitə sədri uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevil Hacıyeva çıxış edərək uşaqlar üçün yaradılan imkanlardan danışıb.

Tədbirdə Şərur rayonu üzrə təhsil sahəsində yüksək nəticə göstərən şagird Röya Quliyeva qazandığı uğurlardan bəhs edib, yaradılan şəraitə, göstərilən diqqətə və müasir təhsil imkanlarına görə təşəkkürünü ifadə edib.

Tədbir çərçivəsində rayon üzrə 2025–2026-cı tədris ilində təhsil, idman və incəsənət sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələr, Şərur Rayon İcra Hakimiyyəti tərəfindən isə qazi və şəhid övladlarına hədiyyələr təqdim edilib.

Tədbirin bədii hissəsində Şərur rayonu üzrə fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, tam orta məktəblərin şagirdləri və körpələr evi–uşaq bağçalarının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib, balaca gimnastlar tərəfindən rəqs nömrələri təqdim olunub.