Sözün dahisi:

Sözün dahisi: Məhəmməd Füzuli

28 Sentyabr 2024

Məhəmməd  Füzuli-530 il

Ümummilli lider Heydər Əliyev: Füzuli azərbaycanlıdır, azərbaycan köklüdür. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir. Füzuli başqa ölkələrdə də məşhurdur. Lakin onu azərbaycanlılar qədər özününkü sayan yoxdur.

Аzərbаycаn ədəbiyyаtının inkişаfındа əsаslı yеr tutаn, Şərq хаlqlаrı ədəbiyyаtınа güclü təsir göstərən, zəngin ədəbi irsə mаlik оlаn, оrtа əsrlər ədəbiyyаtımızdа аnа dilində yаrаnаn şеirin, lirik pоеziyаnın ən böyük yаrаdıcılаrındаn biri Məhəmməd Füzulidir.

Məhəmməd Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şeirin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır.

Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir. Bu məktəb şeirimizin bədii keyfiyyətini son dərəcə yüksək bir pilləyə qaldırmaqla qalmamışdır. O, azərbaycan türkcəsinin bütün gözəlliklərini, imkan və qüdrətini parlaq surətdə nümayiş etdirmişdir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar  ayın 25-də dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki: “Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır”.

Ümummilli liderimiz Heydər Əliyev vaxtilə Füzuli irsinə yüksək qiymət verərək deyirdi: Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün böyük mənəvi qidadır. Füzuli Azərbaycanın böyük milli sənətkarı olmaqla yanaşı, bütün müsəlman aləminin qəlb şairidir”.  Onu da qeyd edək ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə 1994- cü ildə Məhəmməd Füzulinin 500 illik yubileyi dünya miqyasında keçirildi. Bu tədbir Azərbaycanda füzulişünaslığın yeni vüsət alması üçün güclü stimul rolunu oynadı.

Heydər Əliyev şairin yaradıcılığını da bu mənada yüksək qiymətləndirirdi: “Biz fəxr edirik ki, xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərini daim qoruyub saxlamış, zənginləşdirmiş və bu gün də ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir. Biz fəxr edirik ki, Məhəmməd Füzuli kimi dahi şairimiz var, böyük alimimiz var, böyük filosofumuz var”

Daha çox lirik şair kimi tanınan və sevilən Füzuli klassik şeirin qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təxmis, qitə, rübai və s. janrlarına müraciət etmiş və hər birində böyük uğur qazanmışdır.

Məhəmməd Füzuli bədii-ədəbi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Mütəfəkkir şair fars dilində yazmasına baxmayaraq, ana dilini - Azərbaycan türk dilini gözəl, lətafətli şeir nümunələri yazmaqla zənginləşdirmişdir. Məhəmməd Füzuli yaradıcılığını üç dildə yazıb, yaradaraq Azərbaycan mədəniyyətinin əvəzsiz sərvəti etmişdir. Ədib üç dildə “Divan” bağlayan təkrarsız istedada malik sənətkardır. Onun doğma ana dilində, fars, ərəb dillərində olan bədii yaradıcılığı XVI əsr və ümumən Azərbaycan ədəbiyyatının zirvəsidir.

Məhəmməd Füzuli Ana dilimizdə yazılmış şeirin ən gözəl nümunələrini yaratmış, öz təkrarsız əsərləri ilə dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasının inkişafına qüvvətli təsir etmişdir. Dahi şair yaradıcılığında xalq danışıq dilinin incəliklərindən, xalqın yaratdığı obrazlı ifadələrdən, sözlərin məna çalarlarından bacarıqla istifadə etmiş, poetik dili xəlqi keyfiyyətlərlə zənginləşdırmişdır. Şair anadilli bədii sözün qüdrətini  “Söz” qəzəlində belə təsvir edir:

Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,

Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz?!

Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz!

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz!

Bir nigari-ənbərinxətdir könüllər almağa,

Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz!

Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər,

Rişteyi-izharə min-min gövhəri-əsrar söz!

Olmayan qəvvasi-bəhri-mərifət arif degil

Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar-söz!

Gər çox istərsən, Füzuli, izzətin az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz!

Füzulinin dili Azərbaycan xalq dilinin yüksək səviyyəsidir. O, doğma Azərbaycan dilində bəşəri sənət abidələri ucaltmışdır. Bu sənətin zirvəsində duran qəzələ diqqət çəkək:

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Qəzəl dilinin şirinliyi, cəlbedici olmasi ilə seçilir.  Bu, Füzuli dilidir.

Füzuli   də   şair   və   alim   sələflərinin   yaratdığı   bədii-elmi   irsi   dərindən mənimsəmiş,   klassik   ənənəvi   Şərq   poetikasının  normalarına   riayət   etmiş, yeri gəldikcə şeirin spesifik xüsusiyyətləri haqqında özü də qiymətli mülahizələr irəli sürmüşdür...Füzuli  forma   və   məzmun   məsələsində   də   iki   qaynağa  -klassik poetikaya və öz bədii təcrübəsinə istinad etmişdir.   Füzuli sənətdə bədii formanı nəinki qəbul edir, hətta zəruri sayır. Bütün bədii forma təzahürləri – vəzn, qafiyə, şəkil, obraz, məcaz, qiyas və təşbehlər sistemi və s. Füzulinin fikrincə, şeirin zahiri  qabığı, ifadə əlaməti, məişət köynəyi, cilası və zinətidir”

Doğrudan da, Məhəmməd Füzuli bədii sözün yaradıcısı kimi söz və ifadə imkanlarından dahiyanə istifadə edərək, Azərbaycan klassik şeirinin təkrarsız nümunələrini yaratmaqla şeir sənətini klassik şeir səviyyəsinə qaldırdı. Bu prosesdə şair Azərbaycan dilinin daxili imkanlarından, onların xalq dilində olan rəngarəng məna çalarlıqlarından, Azərbaycan dili sözlərinin zəngin çoxmənalılığından, eləcə də ümumxalq dilində yer tutmuş alınmalarından yerli-yerində istifadə edərək, zəngin leksik-semantik söz qrupları silsilələrini yaratmışdır.

Təsadüfi deyil ki, hələ ingilis şərqşünası Gibb Füzulini Şərq şeirinin günəşi adlandırmışdır.  Füzuli, həqiqətən də, ümumiyyətlə, bütövlükdə Şərq şeirində, xüsusilə də türk xalqları ədəbiyyatı tarixində, türk dilində yazıb-yaradan sənətkarlar içərisində müstəsna yer tutur.

Dilçi alim Əbdüləzəl Dəmirçizadə Füzuli haqqında demişdir: “Füzulinin dili Azərbaycan xalq dilinin yüksək səviyyəsidir. O, doğma Azərbaycan dilində bəşəri sənət abidələri ucaltmışdır. Füzulinin və ümumən XVI əsr Azərbaycan dilinin lüğət fondu, qrammatik quruluşu bugünkü Azərbaycan dilinə yaxındır”.

Füzuli yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Onu da qeyd etmək lazımdır ki, XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı Füzuli təsiri ilə yazılan əsərlərin əlamətdar bir dövrdür. Təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumşərq ədəbiyyatında Füzuli təsiri güclü olmuşdur. Bu dövr Füzuli ədəbi məktəbi özünün inkişaf mərhələsini keçmişdir. XVII əsrdə Türkdilli ədəbiyyatımızda Füzuli təsirini görməmək mümkün deyildi. Məsihinin “Vərqa və Gülşa”, Fədainin “Bəxtiyarnamə”, Möhsün İbin Əbdülhəmidin “Lisanüt-teyr” o dövrdə yazılmış bir çox əsərlər Füzuli təsiri ilə yazılmış məsnəvilərdir.

Füzuli sənəti yarandığı gündən oxucuların diqqətini cəlb edib, onları  heyrətdə qoyub. Bu, dünən də belə olmuş, bu gün də belədir və sabah da belə olacaqdır. Görkəmli ədib, alim, pedaqoq Mir Cəlal Paşayevin şair haqqında dediyi bir fikri mütləq həqiqət kimi yada düşür: “Bu böyük şeir dühasının əsərləri ilə dərindən tanış olandan heyrət bizi götürür. Biz bu nadir və qadir şeir ustadının, qəlblər mühəndisinin, “könül mülkünün sultanı”nın hətta, ayrı-ayrı lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik. Görünür ki, yüksək zövq sahibi, sənətin xariqələrini duyub dərk edən adamlar Füzulinin şeir gülüstanında özlərini vəcd və heyrətdən xilas edə bilmirlər. Füzuli misralarından aldıqları tükənməz mənəvi, estetik zövq ilə yaşamağı bu misralar üzərində təhlil aparmaqdan daha fəzlə, daha münasib sayırlar... ”.

Çox əsrlik qərinələr keçsə də Füzuli dühası, onun ədəbiyyat sahəsində yandırdığı çıraq bəşər var olduqca yaşayacaqdır. Belə ki, onun qələmə aldığı əsərlər hər zaman öz təravətini qoruyub saxlayacaq və gələcək nəsillərə bir töhfə kimi ötürüləcəkdir.

Təranə Qəbulova

Naxçıvan Müəllimlər İnstitutu