
Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd ediblər - FOTO
“5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə tədbir keçirilib. Peşə bayramını qeyd edən ADSEA-nın tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Regional Bölməsi, ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Naxçıvan Şəhər Sukanal İdarəsinin rəhbər heyəti və kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini, Şəhidlər Xiyabanını və 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, daha sonra “Heydər Əliyev Azərbaycanda su təsərrüfatı və meliorasiya kompleksinin inkişaf konsepsiyasının müəllifi və təşkilatçısıdır” mövzusunda tədbir keçirilib, çıxışlar dinlənilib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev kollektivi peşə bayramı münasibətilə təbrik edib, onlara əmək fəaliyyətlərində uğurlar arzulayıb. İdarə rəisi çıxışında bildirib ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, meliorasiya və irriqasiya sahəsində də genişmiqyaslı işlər görülməyə başlanıldı. Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illər ərzində Onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.
Sonda digər çıxış və təbriklər dinlənilib.