Tariximizə Açılan Yeni Səhifə – Milli Qurtuluş Günü

Tariximizə Açılan Yeni Səhifə – Milli Qurtuluş Günü

14 İyun 2026

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun-Milli Qurtuluş Günüdür. Bu tarixi yaradan isə ümummilli liderimiz Heydər Əliyevdir. 

 Bəli, bu gün müstəqil Azərbaycanın mövcudluğu, müstəqilliyini qoruyaraq daha da möhkəmləndirməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. O, bir milli lider kimi, bütün həyatını və siyasi fəaliyyətini məxsus olduğu xalqa xidmətə həsr etmiş və özünün Azərbaycan rəhbərliyinin hər iki dövründə ölkəmizi çətin sınaqlardan çıxararaq tərəqqiyə doğru aparmağa nail olmuşdur.

1987-ci ildən başlayaraq ermənilər Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə mübarizəyə başladılar. Heydər Əliyevin simasında özünə ciddi rəqib görən, onun nüfuzundan qorxduğunu gizlətməyən, habelə Dağlıq Qarabağı Azərbaycan-dan ayırıb Ermənistana birləşdirmək məsələsində erməniləri tam müdafiə edən SSRİ rəhbəri M.Qorbaçov ilk növbədə öz məqsədləri naminə onu hakimiyyətdən uzaqlaşdırdı. 1987-ci il oktyabr ayının 21-də keçirilən Sov.İKP MK plenumunda Heydər Əliyev “xəstəliyinə görə” SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edildi 

Bundan cəmi bir neçə gün sonra ermənilər Dağlıq Qarabağa ərazi iddiaları ilə çıxış etdilər. XX əsrin 80-ci illərinin sonu-90-cı illərin əvvəllərində, SSRİ-nin artıq tənəzzülü prosesinin sürətləndiyi bir vaxtda, Azərbaycanda milli azadlıq hərəkatı məhz torpaqlarımızın müdafiəsi zəminində formalaşdı. Öz tarixi torpaqlarını heç kəsə vermək istəməyən xalq kütlələrinin hərəkatı tezliklə azad, müstəqil yaşamaq uğrunda qəti mübarizəyə çevrildi. 

Bunun müqabilində Azərbaycan xalqının bu mübarizəsini boğmaq, getdikcə daha aşkar və qəti şəkildə səslənən müstəqillik haqqında çağırışları susdurmaq, respublikanı yenidən Moskvanın iradəsinə tabe etmək niyyəti özünü aydın göstərirdi. Bu məqsədlə, habelə Azərbaycanda Heydər Əliyevin güclü nüfuzuna zərbə vurmaq üçün 1988-ci il may ayının 21-də Ə.Vəzirov Azərbaycanda hakimiyyətə gətirildi. Respublikanın o zamankı durumundan və xalqın həyatından tamamilə bixəbər olan bu şəxs, eyni zamanda baş verən ictimai-siyasi proseslərin yedəyində gedir, yalnız rəsmi Moskvanın göstərişlərinin icrası ilə məşğul olur, nə dövrün real tələbatlarını, nə də xalq kütlələrinin mənafeyini qətiyyən nəzərə almırdı. Hətta 1990-ci il yanvarın 20-də Bakıda SSRİ rəhbərliyinin təşkilatçılığı ilə qanlı cinayət həyata keçiriləndə sovet ordusunun Bakını yenidən işğal etməsi üçün formal hüquqi əsaslar da bilavasitə Ə.Vəzirovun göstərişi ilə yaradılmışdı. 

1990-cı il yanvarın 20-də Bakıda sovet ali rəhbərliyi səviyyəsində Azərbaycan xalqına qarşı dəhşətli cinayət aktı həyata keçirildi. Ə.Vəzirov bu cinayətin baş ver-məsində məsulliyyət daşıdığını dərk edərək Bakıdan Moskvaya qaçdı. 20 yanvar faciəsinin xalq arasında doğurduğu ağır siyasi-psixoloji vəziyyətdə, 1990-cı il yanvarın 24-də Azərbaycan rəhbərliyə gətirilən Ayaz Mütəllibovun fəaliyyəti də sələfindən ciddi şəkildə fərqlənmədi. Artıq xalqın mövcud siyasi quruluşa qarşı qəzəbinin və ictimai-siyasi hadisələrin sonrakı inkişafının qarşısını almaq mümkün olmadı.  

20 yanvar faciəsi, habelə faciədən sonra Azərbaycanın ictimai-siyasi həyatında yaranan yeni situasiya Heydər Əliyevin Moskvadan vətənə qayıdışı prosesini sürətləndirdi. 1990-ci il iyulun 20-də o, Bakıya gəldi. Lakin Heydər Əliyevin Bakıda yaşamasına o zamankı respublika rəhbərliyi səviyyəsində ciddi maneələr və təhdidlər olduğundan iki gün sonra, iyulun 22-də Heydər Əliyev Bakıdan Naxçıvana gəldi. Həmin gün Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında böyük dövlət xadiminin vətənə qayıdışı ilə əlaqədar toplaşan 80 min-dən artıq insanla izdihamlı görüşü oldu. Naxçıvanın ölkənin əsas hissəsi ilə təcrid olunaraq blokadaya alındığı ağır və məşəqqətli günlərini yaşadığı bir dövrdə Heydər Əliyevin gəlişi sözün əsl mənasında xalqın getdikcə sarsılan iradəsinin və müstəqillik arzularının yenidən dirçəlməsində müstəsna həlledici amil oldu. Heydər Əliyev həmin gün meydanda xalq kütlələri önündə öz qısa çıxışında öz xalqı ilə birlikdə olmaq üçün gəldiyini və başlıca məramını bəyan etdi. 

1990-cı il avqustun 21-də Heydər Əliyevin avqustun 10-da yazdığı müvafiq ərizəsinə baxan Naxçıvan Ali Sovetinin Rəyasət Heyəti onun Naxçıvan MSSR vətəndaşı sayılması haqqında qərar verdi. Bu, Heydər Əliyevin 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan ali sovetlərinə keçiriləcək seçkilərdə iştirakına imkan verən çox mühüm qərar idi.

Naxçıvan MSSR Ali Sovetinin yeni çağırışının 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasına sədrlik deputatlar tərəfindən Heydər Əliyevə həvalə edildi. Sessiyada Azərbaycan milli dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı məsələlər geniş müzakirə olundu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan Muxtar Respublikası adlandırıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılır. Ali Məclisin birinci sessiyası Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Heydər Əliyev sessiyada Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında qəbul edilən qərarı da elan etdi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Demokratik Respublikasının üçrəngli milli bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edirik və Azərbaycanın ali hakimiyyət orqanına bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul etsin” . 

İctimai-siyasi proseslərin sonrakı axarı bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə uzaqgörənliklə qəbul edilən bu qərarlar ölkəmizdə milli dövlətçilik ənənələrinin bərpası prosesindəki tarixi-siyasi əhəmiyyətini qısa zamanda sübut etdi. Heydər Əliyev özü həmin qərarların qəbul olunması münasibətilə Ali Məclisin sessiyasında etdiyi çıxışda deyirdi: “Biz Naxçıvan Muxtar Respublikaının həyatında böyük tarixi qərarlar qəbul etdik. Naxçıvan Muxtar Respublikasının yeni adı qəbul olun-du. Naxçıvan Muxtar Respublikasının ali hakimiyyət orqanının yeni adı qəbul olundu və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı, milli bayrağı qəbul olundu. Böyük məsələlər həll etdik və bu məsələlərin həll olunmasında deputatlar çox böyük maraqla, böyük səylə iştirak etdilər, ona görə də mən bu böyük məsələlərin qəbul olunması ilə əlaqədar sizi təbrik edirəm”.

Naxçıvan MR Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyası müstəqilliyin bərpasına dair bəyanata əsaslanaraq belə hesab edirdi ki, Azərbaycan Respublikası özünün tam milli, dövlət müstəqilliyinə nail olmalı və mövcud SSRİ əsasında hər hansı bir formada yaradılacaq yeni dövlət ittifaqına daxil olmamalıdır. 

Həmin sessiyada qəbul edilən başqa bir qərar öz tarixi əhəmiyyətinə görə xüsusilə əlamətdar oldu. Həmin gün deputatların təkidli xahişi və parlament binası önündə mitinq keçirən xalq kütlələrinin tələbi ilə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçilməyə razılıq verdi. Ali Məclisin sessiyasında bu barədə qərar qəbul olundu: ”Heydər Əlirza oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilsin”. 

Heydər Əliyev özü sonralar Ali Məclisin Sədri seçildiyi tarixi məqamı belə xatırlayırdı: “Azərbaycana hakimyyətə qayıtmaq üçün gəlməmişəm. Mən ancaq Azərbaycanın bu ağır dövründə, çətin vaxtında xalqıma kömək etmək, xidmət etmək üçün gəlmişəm. Mənə bir neçə dəfə Moskvada, elə burada da sual verilmişdi ki, bəs, siz öz köməyinizi nədə görürsünüz? Cavab vermişdim ki, mən Azərbaycan xalqının hər bir tapşırığını yerinə yetirməyə hazıram. Mənim razılığım olmadan, mən bunu qətiyyətlə deyirəm və bunu hamı bilməlidir, məni Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçdilər. Sədr seçiləndən sonra da mən sessiyaya sədrlik etməkdən imtina etdim. İclası axıra qədər sədrin müavini apardı. Çox böyük əziyyət, mənəvi əziyyət içərisindəydim ki, mənim razılığım olmadan məni sədr seçdilər”.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi bütövlükdə Azərbaycanın milli maraqları baxımından böyük hadisə idi. Hadisənin əhəmiyyəti yalnız bunda deyildi ki, o, böyük dövlət idarəçiliyi təcrübəsinə və zəngin siyasi biliklərə malik dünyada tanınan məşhur siyasi xadim idi. Bundan heç də az əhəmiyyətli olmayan məqam bunda idi ki, Heydər Əliyev vətənə Azərbaycanda milli azadlıq hərəkatının müqavimətinin qırıldığı, xalqın müstəqillik ideyalarına inamı-nın səngidiyi bir dövrdə qayıtmış və öz şəxsi həyatı üçün heç bir təhdiddən çəkinməyərək müstəqil dövlətçilik uğrunda mübarizəyə qoşulmuş, ilk növbədə Naxçıvanda fəal və peşəkar fəaliyyəti ilə milli dövlətçiliyə inam hissini formalaşdıra bilmişdi. 

Heydər Əliyevin Ali Məclisə Sədr seçilməsindən dərhal sonra gərgin ictimai-siyasi şəraitdə bir sıra çevik və ciddi qərarlar qəbul olundu. Ali Məclisin 1991-ci il 4 sentyabr tarixli qərarı ilə sentyabrın 8-ə təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi Naxçıvan MR ərazisində dayandırıldı. 

 Bir tərəfdən Heydər Əliyevin Naxçıvanda milli dövlətçilik ənənələrinin bərpası ilə bağlı həyata keçirdiyi tədbirlərə, digər tərəfdən isə onun xalq arasındakı böyük nüfuzuna görə bu böyük dövlət xadiminə Azərbaycanın o zamankı iqtidar sahiblərinin bəslədiyi mənfi münasibət o dərəcəyə çatdı ki, onlar artıq Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gələ biləcəyindən təşvişə düşdülər və bunun qarşısını almaq üçün real addımlar atmağa başladılar. Əvvəlcə prezident seçkiləri haqqında qanunda prezidentliyə namizədə qoyulan tələblər sırasına yaş senzi daxil edildi. Azərbaycan Ali Sovetinin 1991-ci il oktyabrın 8-11-də keçirilmiş fövqəladə sessiyasında isə Konstitusiyanın 112-ci maddəsindən “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavinidir” cümləsi çıxarıldı. Bununla, həm də Naxçıvanda prezident seçkisi baş tutmadığından guya Heydər Əliyevdən qısas alınmış olurdu.

Azərbaycanda xalqın etimadını itirmiş siyasi iqtidarın öz hakimiyyətinin ömrünü uzatmaq və legitimləşdirmək üçün hər cidd-cəhdlə prezident seçkilərinin baş tutmasına çalışdığı bir vaxtda Heydər Əliyev xalqı həmrəyliyə və milli mənafelər naminə birliyə səsləyir, torpaqlarımızın müdafiəsi ilə bağlı ciddi tədbirlər həyata keçirirdi. 1991-il sentiyabrın 5-də Naxçıvan televiziyası ilə çıxış edən Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev Azərbaycanın bütövlüyü, onun bölünməzliyi haqqında qətiyyətli fikirlər söyləmiş, “Naxçıvan MR Azərbaycan Respublikasının tərkib hissəsidir” kimi fikirləri ilə Azərbaycan xalqını birliyə və milli razılığa səsləmişdi. Naxçıvan MR Ali Məclisinin Naxçıvanda Müdafiə Komitəsinin yaradılması ilə bağlı sentyabrın 7-də qəbul etdiyi qərar düşmən təcavüzündən mütəşəkklil və nizamlı müdafiənin təşkili üçün vaxtında atılmış addım idi.

Azərbaycan Respublikası 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoysa da, respublikada gedən hakimiyyət çarpışmaları Xocalı soyqırımına daxili zəmin yara-dır, Şuşa və Laçının ermənilər tərəfindən daha asanlıqla işğal edilməsinə yol açırdı. May ayının əvvəllərindən erməni silahlı birləşmələrinin Naxçıvana da qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayır. Paytaxt Bakıdan fərqli olaraq Naxçıvanda xalqla rəhbərliyin vəhdəti düşmənə rəşadətlə sinə gərərək torpaqları qoruyub saxlmağa kömək etdi. Bu dövrdə məhz Heydər Əliyevin siyasi bacarığı, uğurlu diplomatik gedişləri və Türkiyə Cümhuriyyəti ilə yaratdığı əlaqələr Ermənistanın hərbi təcavüzünü dünya ictimaiyyətinin pisləməsinə, Naxçıvanın isə xilasına səbəb oldu.

1992-ci il Naxçıvan MR üçün də çox mürəkkəb və məsuliyyətli il idi. Bu dövrdə Ali Məclisin Sədri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra mühüm addımlar atılmışdı. Şuşanın işğalından sonra mövcud iqtidarın xalqın arasında tam nüfuzdan düşməsi ilə Bakıda siyasi mövqeyi güclənən Azərbaycan Xalq Cəbhəsi Müsavat birliyi Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə bağlı bütün təşəbbüsləri süni şəkildə boğaraq parlament sədri vəzifəsini ələ keçirdi. Düşmənin cəbhə bölgəsində aktiv hərbi əməliyyatlar keçirərək Laçın rayonunu işğal etdiyi gündə paytaxt Bakıda siyasi qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdılar. Məhz həmin gün, mayın 18-də Müsavat partiyasının sədri İ.Qəmbərov Ali Sovetin sədri, 1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində isə AXC sədri Ə.Elçibəy prezident seçildi. Azərbaycanın əvvəlki kommunist rejiminin Heydər Əliyevə qarşı mənfi münasibəti ilə səciyyələnən siyasətini davam etdirən yeni siyasi iqtidar da prezident seçkilərində iştirakla bağlı yaş senzini aradan qaldırmadığından Heydər Əliyevin prezident seçkilərində iştirakı mümkün olmadı. 

Azərbaycanın yeni siyasi iqtidarı sələfindən daha da irəli gedərək Naxçıvan MR-də dövlət çevrilişi hazırladı. 1992-ci il oktyabrın 24-də AXC Naxçıvan vilayət və Ordubad rayon şöbələrinin 300 nəfərdən ibarət qanunsuz silahlı dəstələri bilavasitə Azərbaycan Respublikasının o zamankı daxili işlər naziri İ.Həmidovun göstərişi və dəstəyi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyini, Dövlət TeleRadio Şirkətinin inzibati binalarını zəbt edərək Naxçıvanda hakimiyyət çevrilişi haqqında bəyanatla çıxış etdilər. Qiyamçıların başlıca məqsədi Naxçıvan MR Ali Məclisinin binasını ələ keçirməklə Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq idi. İ.Həmidov hətta bir qədər də irəli gedərək Heydər Əliyevin fiziki cəhətdən məhv ediləcəyi ilə bağlı fikirlər də səsləndirmişdi. Lakin Naxçıvan əhalisi özünün seçdiyi qanuni hakimiyyətin müdafiəsinə qalxdı və Heydər Əliyevin başçılığı altında elə həmin gün qiyamçılar tutduqları inzibati binalardan qovuldular.

24 oktyabr çevrilişinə şəxsən daxili işlər naziri İ.Həmidovun başçılıq etməsi, həmin həyəcanlı günlərdə Heydər Əliyevin Azərbaycan prezidentinə və parlamentin sədrinə AXC-nin Naxçıvandakı qanunsuz əməlləri barədə etdiyi telefon zənglərinə etinasız yanaşılması sübut edirdi ki, Naxçıvanda həyata keçirilməsinə cəhd göstərilən bu çevriliş cəhdi ölkənin ali rəhbərliyi tərəfindən müdafiə olunur. 

1992-ci il oktyabrın 25-də keçirilən Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında dövlət çevrilişi cəhdi qətiyyətlə pisləndi və və ölkə rəhbərliyindən bu fakta hüquqi-siyasi qiymət verilməsi və AXC-nin qanunsuz silahlı dəstələrinin buraxılması tələb edildi, 24 oktyabr hadisələri dövlət çevrilişinə cəhd kimi qiymətləndirildi.

Ali Məclisin həmin gün qəbul etdiyi qərarda deyilirdi: “Muxtar respublika əhalisinin iradəsini ifadə edərək Ali Məclis Naxçıvan Muxtar Respublikasının konstitusiya hüquqlarının sarsılmazlığını bəyan edir və onların pozulmasına cəhd göstərənlərin hamısına məsuliyyətləri haqqında xəbərdarlıq edir”.

1993-cü ilin may-iyun aylarında Gəncədə qiyamçı polkovnik S.Hüseynovun qanunsuz əməlləri və ona qarşı hökumət qüvvələrinin həyata keçirdiyi qeyri-peşəkar və qan tökülməsi ilə nəticələnən hadisələr Azərbaycan dövlətçiliyini məhvolma təhlükəsi, cəmiyyəti isə vətəndaş müharibəsi ilə üz-üzə qoydu. Belə bir vəziyyətdə artıq iqtidara inamını itirmiş xalq bütün ümidini Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə bağlamışdı. Artıq özünün yaratdığı siyasi anarxiyanın və real hərbi təhdidlərin girovuna çevrilən o zamankı iqtidar da özünün və ölkənin xilası üçün, cəmi bir il əvvəl hər vasitə ilə hakimiyyətə gəlməyinə böyük əngəllər törətdiyi Heydər Əliyevə müraciət etməkdən başqa çarə görmürdü. Beləliklə, prezident Ə.Elçibəyin xahişi və dəvəti ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya getdi.

Sonralar ulu öndər Heydər Əliyev bu hadisələri belə dəyərləndirirdi: “Mən iyunun 9-da Bakıya getdim. Xatırlayıram, burada, Naxçıvanda insanlar çox məyus idilər, narahat idilər. Məni yola salanda gördüm ki, onların sifətlərində nə qədər qəmginlik var. Mən özüm də bilmirdim hansı vəziyyətə düşəcəyəm, nə olacaq. Ancaq düşündüm ki, əgər özümü qurban verəsi olsam da, gərək gedib Azərbaycan naminə, millətimizin, xalqımızın naminə öz yardımımı göstərim...Həqiqətən, mən Bakıda qalmaq fikrində deyildim...Ancaq tale tamamilə başqa cür sərəncam verdi. Mən orada qalası oldum. Iyunun 15-də oradalı proseslər sizə məlumdur. Məni Azərbaycan Ali Sovetinin, Milli Məclisin Sədri seçdilər. bununla da mənim yeni fəaliyyətim, yeni həyatım başladı ”.    

Gəncəyə səfər edərək baş vermiş hadisə və nəticələri barədə yerində məlumat alan Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan parlamen¬tinin iclasında böyük səs çoxluğu ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu qayıdış tarixi zərurətdən doğan bir qayıdış idi. Bu qayıdış yenicə müstəqillik qazanmış bir dövlətin müqəddəratını həll edən, onu inkişaf və tərəqqi yoluna çıxaran siyasi xəttin başlanğıcı, itirilmiş ümidlərin yenidən canlanması idi. Parlamentin tarixi iclsında çıxış edən ulu öndər qətiyyətlə bildirmişdir: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərələ, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlər kimi inkişaf etməsinə həsr edəcəyəm”. 

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.

Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

1997-ci il iyul ayının 27-də Milli Məclis xalqın müxtəlif zümrələrinin, minlərlə seçicinin müraciətlərini, arzu və istəklərini nəzərə alaraq görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin respublikada hakimiyyətə qayıtdığı 15 iyun gününün Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilməsi barədə qərar qəbul etdi. Bəli, 15 iyun əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilası gün idi. Bu qərar isə Azərbaycanın böyük oğlu, görkəmli siyasi xadim Heydər Əliyevə ümumxalq məhəbbətinin parlaq təzahürü idi. Çünki bu günü tarixə yazan ümummilli liderimiz Heydər Əliyevdir. 

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır və Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

 Prezident İlham Əliyevin sözləri ilə desək – ”İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.

Fəxriyyə CƏFƏROVA