Uşaqlar niyə susur? Psixoloji qısnama faktlarını mütəxəssis izah edir
Son illərdə uşaqların bir araya gəldiyi yerlərdə, xüsusən də təhsil ocaqlarında uşaqlar arasında qısnama, təcridetmə və zorakılıq halları müşahidə edilir. Bəs uşaqları bullinqə sürükləyən səbəblər nədir? Qısnamaya məruz qalan uşaqlarda hansı psixoloji izlər qalır?
Valideyn, müəllim və məktəb psixoloqları bu halların qarşısını almaqda hansı rolu oynayır və ən çox harada səhvlər edilir? Bu mövzuya aydınlıq gətirmək üçün suallarımızı "Naxçıvan Qüsursuz Nitq Mərkəzi"nin icraçı direktoru Leyla Kərimliyə ünvanladıq.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlama verən Leyla Kərimli bullinq (qısnama) anlayışını belə izah edib:
"Qısnama" çoxfaktorlu psixoloji və sosial hadisədir. Yəni bullinqi yalnız "pis tərbiyə" ilə izah etmək düzgün deyil. Amma onu da qeyd edim ki, uşaqlar davranışları müşahidə edərək öyrənirlər. Əgər uşaq aqressiya görürsə, bunu normal hesab edə bilər. Bəzi hallarda ailə tərbiyəsi rol oynasa da, əksər hallarda bunun arxasında uşağın ödənilməmiş emosional və psixoloji ehtiyacları dayanır.
Psixoloji ehtiyac dedikdə nəyi nəzərdə tuturuq?
Uşaq özünü zəif hiss edəndə başqasını zəiflədərək güclü hiss etməyə çalışır; evdə emosional diqqət görməyən uşaq mənfi davranışla diqqət çəkir. Bullinq edən uşaq çox vaxt "pis uşaq" deyil, "köməyə ehtiyacı olan uşaq" siqnalıdır.
Təhsil ocaqlarında, xüsusən də məktəblərdə baş verən qısnamaların yaranmasında rol oynayan faktorları qeyd edən Leyla Kərimli bildirib ki, məktəb mühitində bullinqin yaranması adətən tək bir səbəbdən yox, bir neçə psixoloji, sosial və pedaqoji faktorun qarşılıqlı təsirindən formalaşır. Məktəbdə nəzarət və emosional dəstək az olduqda bullinqin səviyyəsi yüksəlir. Yəni müəllim nəzarətinin az olduğu yerlərdə (dəhliz, həyət, soyunub-geyinmə otaqları) bullinq daha çox baş verir.
Mütəxəssis qısnamanın uşaqlarda yaratdığı ilk psixoloji siqnalları sadalayıb:
Uşaq özünü güvənsiz hiss etdiyi üçün emosional olaraq geri çəkilir. Erkən mərhələdə bu siqnalları görmək çox vacibdir, çünki vaxtında müdaxilə uşağın psixoloji travma almasının qarşısını ala bilər. Bullinqə məruz qalan uşaqlar çox vaxt bunu birbaşa demirlər. Onlar daha çox davranış və emosional dəyişikliklərlə siqnal verirlər. Yəni: özünəqapanma, sevdiyi məşğuliyyətə marağın azalması, adi situasiyalarda ağlama, məktəbə getmək istəməmək, dostlardan uzaqlaşmaq. Hətta loqopedik baxımdan da təsirlər müşahidə oluna bilər. Belə ki, nitqdə tutulmaların artması, kəkələmənin güclənməsi, danışmaqdan çəkinmə, dərsdə cavab vermək istəməmək uşağın sosial qorxu yaşadığını göstərir.
Müsahibəni hazırladı:
Nəzrin Umay








