Ağdərənin 4 kəndində sakinlərə evlərinin açarları təqdim olunub -

Ağdərənin 4 kəndində sakinlərə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

09 Yanvar 2026

Yanvarın 9-da Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar kəndlərinə ilk köç gerçəkləşib. Kəndlərə köçən 89 ailəyə evlərinin açarları təqdim olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ağdərə rayonuna çatan ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib.

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək, onlara xoşbəxt və firavan həyat arzulayıblar.

Bildirilib ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir.

Sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.