AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib -

AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib - FOTO

27 Dekabr 2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində ölkəmizin bütün şəhər və rayonlarında uşaqlar, o cümlədən ittifaq üzvlərinin və şəhidlərimizin övladları üçün bayram şənlikləri təşkil edib, görüşlər keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirlər işğaldan azad edilmiş əraziləri - Qarabağ və Şərqi Zəngəzuru da əhatə edib. Doğma yurdlarına qayıdan ailələrin övladları ilə keçirilən görüşlər xüsusi rəmzi məna daşıyıb, uşaqların öz torpaqlarında bayramı qeyd etməsi şənliklərə daha fərqli ab-hava qatıb.

Xankəndi və Şuşa şəhərlərində, eyni zamanda Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Xocalı və Zəngilan rayonlarında baş tutan bayram tədbirlərində çıxış edən AHİK nümayəndələri məktəbliləri qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar.

Qeyd olunub ki, dövlətimiz tərəfindən işğaldan azad olunan ərazilərimizdə yaradılan müasir infrastruktur və sosial şərait şagirdlərin doğma yurdlarında keyfiyyətli təhsil almalarına və hərtərəfli inkişafına geniş imkanlar yaradır.

Bayram tədbirlərində gələcəyin vətənpərvər, dərin zəkalı, intellektual gəncliyi olacaq bugünkü uşaqların yüksək səviyyədə təhsillə təmin edilməsi, layiqli vətəndaş kimi yetişməsi istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərdən, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs olunub.

Həmçinin vurğulanıb ki, uşaqlara diqqət göstərilməsi, onların asudə vaxtının maraqlı və yaddaqalan təşkili həmkarlar ittifaqlarının fəaliyyət istiqamətlərindəndir və bu məqsədlə müxtəlif sosial layihələr həyata keçirilir.

Tədbirlər zamanı şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, bayram əhval-ruhiyyəsində çıxışlar edib, doğma torpaqlarda yaşamağın sevincini bölüşüblər.

Qeyd edək ki, bayram şənlikləri sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də keçirilib.