NDU-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib -

NDU-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib - FOTO

27 Dekabr 2025

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan Sarayda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar, tələbələr və qonaqlar iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir öncəsi foyedə universitet əməkdaşlarının fəaliyyətini əks etdirən, süni intellekt texnologiyaları əsasında hazırlanmış karikatura sərgisinə baxış keçirilib.

Bayram tədbiri Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə  xalqa ünvanladığı təbriklərdən biri video şəklində nümayiş etdirilib.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitet kollektivini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Rektor milli birlik və həmrəyliyin Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olduğunu vurğulayıb.  Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsində ali təhsil müəssisələrinin mühüm rol oynadığını qeyd edib. Elbrus İsayev bildirib ki, 2025-ci il Naxçıvan Dövlət Universiteti üçün mühüm nailiyyətlərlə yadda qalıb. Universitet il ərzində elm, təhsil və mədəniyyət sahələrində əldə etdiyi uğurlarla həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib. Rektor bu uğurların müəllim və tələbə kollektivinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu vurğulayaraq hər kəsə təşəkkür edib və yeni ildə universitet kollektivinə uğurlar arzulayıb.

Daha sonra Naxçıvan Dövlət Universitetinin 2025-ci il ərzində əldə etdiyi uğurları və inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Bayram proqramı çərçivəsində Türk dünyasında Yeni ilin simvolu sayılan Ayaz Ata və Qarlı qızın iştirakı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bu təqdimat bayram ovqatının formalaşmasına xüsusi töhfə verib.

Tədbirdə NDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov çıxış edərək kollektivə bayram təbriklərini çatdırıb, universitetdə sağlam iş mühitinin yaradılması və əməkdaşların sosial rifahının daim diqqətdə saxlanıldığını qeyd edib. Çıxışda rektor Elbrus İsayevin qərarı ilə qarşıdan gələn bayramlar münasibətilə universitetin bütün əməkdaşlarına 1 aylıq əməkhaqqı məbləğində pul mükafatının verildiyi bildirilib.

Bayram proqramı NDU-nun Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin təqdim etdiyi Yeni il flaşmobu ilə davam edib.

Daha sonra NDU-nun nəzdində Beynəlxalq Kembric Məktəbinin I və II sinif şagirdlərindən ibarət yeni yaradılmış “Singing Stars” adlı  xor kollektivi çıxış edib.

Tədbirdə universitetin professor-müəllim heyətinin nümayəndələri çıxış edərək kollektivin bayramını təbrik edib, Naxçıvan Dövlət Universitetinin əldə etdiyi uğurların hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıblar.

Bayramın bədii hissəsi universitetin “Gənclik” instrumental ansamblının ifaları, tələbə-teatr studiyasının pantomim tamaşası, fakültə dekanlarının qarşılıqlı təbrikləri və Yeni il hədiyyələrinin təqdimatı ilə davam edib. “NDU KVN” komandasının çıxışı, İncəsənət fakültəsinin tələbələrindən ibarət “Band” qrupunun “Yeni il” mahnısı tədbirə xüsusi rəng qatıb.

Tədbirin “Zamana səyahət” hissəsində isə tələbələr 1980, 1990-cı illərin retro, 2100-cü illərin futuristik ruhunu canlandırıblar.

Proqram çərçivəsində NDU-nun nəzdində Naxçıvan Tibb Kollecinin tələbələrinin təqdimatında maraqlı xoreoqrafik kompozisiya nümayiş etdirilib. Daha sonra Naxçıvan Dövlət Universitetinin Yeni il tortunun kəsilməsi mərasimi keçirilib.

Bayram proqramı NDU-nun nəzdində Naxçıvan Dövlət Texniki Kollecin təqdimatında milli dəyərlərimizi yaşadan “Yallı” rəqsi ilə yekunlaşıb.

Tədbir səmimi bayram ovqatı, birlik və həmrəylik ruhu ilə yadda qalıb.